İDMAN


Bakıda FIDE-nin Baş Assambleyasının iclası işə başlayıb

A+ A

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iclası açaraq 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsinin önəmini vurğulayıb: “Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Ötən il Bakı ilk Avropa Oyunlarına, şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Bu il paytaxtımızda Formula-1 Avropa Qran-Prisi kimi nüfuzlu yarış təşkil olundu. İndi isə Bakı şahmat dünyasının diqqət mərkəzinə çevrilib. Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Bu etimada görə FIDE-yə təşəkkür edirik”.

FIDE prezidenti Kirsan İlyumjinov isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana təşəkkür edərək deyib: “Əminliklə demək olar ki, Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır. Burada olmaqdan məmnunam. Yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hamıya məlumdur ki, Azərbaycanda şahmat çox sevilir. Dünyada ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb. Məktəblərdə şahmat tədris olunur”.

Azərbaycanın və FIDE-nin himnlərinin səsləndirilməsindən sonra gündəlikdə duran məsələlər müzakirə edilib.

FIDE-nin 87-ci konqresi işini sentyabrın 13-də başa çatdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.