CƏMİYYƏT
Bakıda Firidun İbrahiminin 70 illiyi qeyd ediləcək
Bakı, 18 may, AZƏRTAC
Mayın 24-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin 70 illiyi ilə əlaqədar anım tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi və Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirə “21 Azər” hərəkatının iştirakçıları, tədqiqatçılar, alimlər, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, media təmsilçiləri qatılacaqlar.
Tədbir F.İbrahimiyə həsr olunmuş 20 dəqiqəlik sənədli “Qartal ömrü” filminin nümayişi ilə başlanacaq. İştirakçılara görkəmli inqilabçının, ictimai-siyasi xadimin, diplomatın, jurnalistin, publisistin 1946-cı ildə Təbrizdə buraxılan, lakin indiyədək Azərbaycan oxucusuna məlum olmayan “Azərbaycanın qədim tarixindən” kitabının ərəb və latın qrafikalarında yeni nəşri hədiyyə olunacaq. Bundan başqa, iştirakçılar “Mühacir” və “Azərbaycan” (ərəb əlifbası ilə) qəzetlərinin F.İbrahimiyə həsr edilmiş yeni sayı ilə tanış olmaq imkanı əldə edəcəklər.
Tədbirdə F.İbrahiminin həyat və mübarizə yolu ilə bağlı məruzələr səslənəcək, onu Təbrizdən tanıyanların xatirələri dinləniləcək.
Qeyd edək ki, Azərbaycan cəmiyyəti Firudin İbrahimi şəxsiyyəti barədə əsasən xalq yazıçısı Mirzə İbrahimovun “Gələcək gün” romanı, Mədinə Gülgünün “Firidun” poeması və digər dolğun əsərlər vasitəsilə tanışdırlar.