İDMAN
Bakıda “Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri” mövzusunda seminar keçiriləcək
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 15-də Bakıda “Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri” mövzusunda seminar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, UEFA-nın rəhbərliyi altında təşkil olunacaq seminar Bakıda 2020-ci ildə UEFA Avropa çempionatının final mərhələsinin dörd oyununun keçirilməsinə hazırlıq məqsədi daşıyır.
Seminarda beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan daxili işlər orqanlarının nümayəndələri, Premyer Liqa və I Divizion klublarının əməkdaşları və fan-klub əməkdaşları, AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
UEFA-nın Təhlükəsizlik departamentinin əməkdaşları Kennet Skott, Mark Timmer və Frosdik Stefen seminarda təhlükəsizlik və mühafizə məsələlərinə UEFA-nın yanaşması və konsepsiyası, stadionlarda təhlükəsizlik və mühafizə məsələləri üzrə məsul şəxslərin vəzifələri və oyun zamanı fan-klublarla işin təşkili mövzularında təqdimatlarla çıxış edəcəklər.
Qeyd edək ki, seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.