CƏMİYYƏT
Bakıda Gənclər Evinin saytının və “Distant təlim: paytaxtdan regionlara” layihəsinin təqdimat mərasimi keçirilmişdir VİDEO
Bakı, 6 fevral (AZƏRTAC). Fevralın 6-da “Park İnn” otelində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Azərbaycan gənclik, mədəniyyət, incəsənət və elm evi” gənclik sosial inkişaf proqramı çərçivəsində Gənclər Evinin rəsmi saytının və “Distant təlim: paytaxtdan regionlara” layihəsinin təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Gənclər Evinin rəhbəri Elşad Abdullayev layihənin əsas məqsədinin gənclərin iş həyatına hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edilməklə onların peşəkar vərdişlərinin təkmilləşdirilməsi, məşğulluq problemlərinin həllinə yardım etməkdən ibarət olduğunu bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas icraçısı Dünya Türk Gəncləri Birliyidir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Evinin yaranma tarixi və layihənin əsas məqsədinin gənclərin məşğulluq problemlərinin həll edilməsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, ötən illər ərzində Gənclər Evində dil kursları, idarəetmə və liderlik üzrə müxtəlif kurslar təşkil olunmuşdur.
İntiqam Babayev demişdir ki, artıq bu layihə yeni mərhələyə qədəm qoymuşdur. Burada təcrübə və informasiya mübadiləsi üçün hər cür şərait yaradılmışdır.
“Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyinin sədri Adil Rəfili bildirmişdir ki, bu gün təqdimatı keçirilən “Distant təlim: paytaxtdan regionlara” adlı layihə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.
Layihənin əsas məqsədi gənclərin sosial inkişafını dəstəkləmək, onların respublikamızın inkişafı prosesində iştirakını təşviq etmək, kurslara getmək imkanı olmayan gənclərin paytaxtdan virtual aləmdə faydalanmalarını təmin edərək “paytaxt-region” məsafəsini azaltmaqdan ibarətdir. O, layihənin rəsmi internet saytı barədə məlumat verərək diqqətə çatdırmışdır ki, www.genclerevi.az saytında istənilən şəxs 4 müxtəlif sahə ilə bağlı kurslarda virtual olaraq iştirak etmək imkanı qazanacaqdır.
Mərasimdə çıxış edən Koreya Respublikasının “SK Telecom” şirkəti idarə heyətinin üzvü, Sunqşih Universitetinin professoru, layihənin əsas tərəfdaşlarından biri Kyunq Hay Kim görüləcək işlərin Azərbaycan-Koreya əlaqələrinin inkişafına müsbət təsir göstərəcəyinə ümid etdiyini söyləmişdir.
Sonra Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev və professor Kyung Hau Kim “Smart Class” sisteminin tətbiq edilməsinə dair memorandum imzalamışlar.
Qeyd olunmuşdur ki, bu sistem Azərbaycanda ilk dəfə tətbiq olunur və paytaxtdan regionlardakı Gənclər evləri ilə virtual əlaqə yaratmaq şəbəkəsi kimi nəzərdə tutulmuşdur.
Daha sonra Gənclər Evinin fəaliyyətinə daim dəstək olan mətbuat nümayəndələri “Gənclər Evinin dostu” fəxri fərmanı təqdim edilmişdir.
Mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) müxbiri Pərvanə Rəhimova da vardır.
Tədbir konsert proqramı ilə davam etmişdir.