CƏMİYYƏT


Bakıda “Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

A+ A

Bakı, 23 noyabr, S.Quliyev, H.Mahmudova, AZƏRTAC 

Noyabrın 23-də Bakıda “Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, MDB-yə üzv dövlətlərin 2020-ci ilədək dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2016-2017-ci illərə dair Tədbirlər Planına əsasən təşkil olunan konfransın məqsədi gənclərlə iş sahəsində qeyri-formal təhsil modellərinin tətbiqinə və inkişafına dair müzakirələrin aparılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb, gənclər siyasətində əldə olunan uğurlar barədə məlumat verib. Qeyd edib ki, noyabrın 22-də Bakıda MDB-nin Gənclərlə İş üzrə Şurasının iclasında səmərəli fikir mübadiləsi aparıldı və bir sıra qərarlar qəbul olundu. Bu, qərarlar MDB-yə üzv ölkələrdə gənclər sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət göstərəcək. Gələcəkdə birgə layihələrin təşkili, ölkə gənclərinin sərgi və festivallara qatılması, həmçinin gənc alimlərin qarşılıqlı səfərlərinin təşkili də müzakirə mövzuları arasında olub.

Nazir müavini bildirib ki, gənclərin inkişafında qeyri-formal təhsil hazırda dünyada çox yayılıb və bu təbəqədən olan insanları özünə cəlb edir. Ölkəmizdə gənclərin inkişafı üçün münbit şərait var. Gənclərimiz beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edir, öz ideya və layihələri ilə həmişə fərqlənirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurum haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Fond yarandığı gündən gənclər siyasəti ilə bağlı ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən proqramları qrant şəklində maliyyələşdirir. Fəaliyyətə başladığı gündən fonda 7098 layihə müraciəti olub və onların 3341-i dəstəklənib. Eyni zamanda, səfər qrantları ilə bağlı 384 müraciətin 267-nə müsbət cavab verilib.

F.Hacıyev deyib: “Ölkəmizdə təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycanda təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və respublikamızın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır. Azərbaycan təhsili milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir”.

MDB-nin Gənclərlə İş üzrə Şurasının sədri, Qazaxıstanın dinlərlə iş və vətəndaş cəmiyyəti üzrə vitse-naziri Abzal Nukenov və MDB İcraiyyə Komitəsinin şöbə müdiri Tatyana Kovalyeva Azərbaycanda gənclər sahəsində qazanılan uğurları yüksək qiymətləndirib və ölkəmizin bu sahədəki modelinin digər dövlətlərə nümunə olduğunu diqqətə çatdırıblar.

MDB-yə üzv dövlətlərdən 60-dək gəncin iştirak etdiyi konfrans çərçivəsində gənclərlə iş sahəsində qeyri-formal təhsilin rolu, könüllülük fəaliyyəti, gənclərin iştirakçılığı və təmsilçiliyi, qeyri-formal təhsil metodlarının tətbiqi vasitəsilə onların məşğulluğuna dəstək göstərilməsi və digər mövzularda müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.