ELM VƏ TƏHSİL
Bakıda “HORİZON-2020” proqramı üzrə yüksək səviyyəli ekspertlərin iclası keçiriləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 13-14-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən Bakıda “HORİZON-2020” proqramı çərçivəsində fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri üzrə elm, texnologiya və innovasiyalara dair beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) keçiriləcək. Tədbirdə Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumlardan, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrindən, “Şərq Tərəfdaşlığı” ölkələrindən, habelə Türkiyə, Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan və Moldovadan təmsilçilərin və ekspertlərin iştirakı gözlənilir.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, fond “BSH” və “EaP PLUS” layihələrində qurum kimi iştirak edir. Müvafiq tədbirin Bakıda keçirilməsi qərarı EİF-in səmərəli fəaliyyəti nəzərə alınmaqla, “BSH” layihəsinin cari ilin iyununda Vyanada keçirilmiş baş assambleyasında verilib.
İki gün davam edəcək iclasda elmi əməkdaşlığın perspektivlərinə, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramlarına (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) dair müzakirələr aparılacaq, “Şərq Tərəfdaşlığı” ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək.
Qeyd edək ki, tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən "Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi”dir (CeRISS).