CƏMİYYƏT


Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq konfrans keçiriləcək

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 29-u Dünya Ürək Günü kimi bütün dünyada qeyd ediləcək. Bu günlə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti də ölkəmizdə bir sıra tədbirlər həyata keçirir.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 29-da “Park Bulvar”da, sentyabrın 30-da “Metropark”da “Sağlam ürək” həftəsi çərçivəsində aksiyalar keçiriləcək. Aksiyalar zamanı Dünya Ürək Gününün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vacib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək.

Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edə biləcək. “Konfransda qardaş Türkiyədən dəvət etdiyimiz professor heyəti də iştirak edəcək. Kardiologiyanın və kardiocərrahiyyənin ən aktual məsələlərini yerli və xarici həmkarlarımızla müzakirə edəcəyik. Bunun paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən həkimlərə faydalı olacağını düşünürəm”, - deyə K.Musayev əlavə edib.

Dünya Ürək Günü ilə əlaqədar “Sağlam ürək” həftəsinin elan edildiyini bildirən AÜDCC-nin sədri əhalini keçiriləcək aksiyalara dəvət edib: “Cəmiyyətimiz tərəfindən sentyabrın son həftəsi “Sağlam ürək” həftəsi” elan edilib. Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici kitabça Azərbaycan dilinə tərcümə edilib, şəhərin müxtəlif bölgələrində, xəstəxana və poliklinikalarına paylanılır. Sentyabrın 29-da və 30-da keçiriləcək aksiyalara vətəndaşların böyük marağı olacağını düşünürük və fürsətdən istifadə edərək bütün insanları aksiyalarda yaxından iştirak etməyə dəvət edirik”.

Ürək sağlamlığının qorunmasında ilk növbədə insanların özlərinin məsuliyyət daşıdığını bildirən Kamran Musayev onları fəal həyat sürməyə səsləyib: “Sağlam ürək sağlam həyat deməkdir. Sağlam həyat yaşamaq istəyiriksə, ilk növbədə ürəyimizin sağlamlığının qeydinə qalmalıyıq. Bunun üçün isə aktiv həyat tərzi keçirmək, sağlam qidalanmaq və idmanla məşğul olmaq vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.