Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 10 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınmışdır. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində Vətəninin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının, onların arzu və istəklərini gerçəkləşdirmək əzminin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərir.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar,

Əziz dostlar!

Bu gün biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü qeyd edirik. Bu əziz gündə biz Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.

Heydər Əliyev Mərkəzi nadir memarlıq abidəsidir. Mərkəzin yaradılması haqqında fikirlər təqribən 6-7 il bundan əvvəl yaranmağa başlamışdı. O vaxt belə bir fikir yarandı ki, Bakıda çoxfunksiyalı gözəl memarlıq abidəsi olan mərkəz yaradılsın. Mərkəzə ulu öndərin adı verilsin. Biz araşdırmalar aparmağa başladıq. Əsas məsələ yerin düzgün seçilməsi idi. Bildiyiniz kimi, bu ərazidə uzun illər bundan əvvəl yaradılmış Səttarxan zavodu fəaliyyət göstərirdi. Əslində, zavod köhnəlmişdi və burada istehsal olunan məhsullar müasir tələblərə cavab vermirdi. Buna baxmayaraq, zavodun fəaliyyətini dayandırmamaq məqsədi ilə o başqa yerə köçürüldü, ərazi təmizləndi və tikinti başlandı. Zavodun ərazisi 16 hektar təşkil edirdi. İndi bu ərazidə bu möhtəşəm bina ucaldılmış və gözəl park yaradılmışdır.

İkinci məsələ mərkəzin memarlıq tərəfi idi. Bu məqsədlə dünya şöhrətli memar Zaha Hadid öz təkliflərini irəli sürmüşdü. Dərhal onun təklifləri təhlil edilməyə başlandı və qərar qəbul edildi ki, Heydər Əliyev Mərkəzi məhz bu layihə əsasında yaradılmalıdır. Çünki bu, nadir memarlıq əsəridir. Dünyada analoqu olmayan, müasirliyi özündə təcəssüm etdirən çoxfunksiyalı bir binadır. Binanın xarici görünüşü müxtəlif fərziyyələr irəli sürməyə imkan verir. Bəziləri bu mərkəzi dalğaya, bəziləri küləyə bənzədirlər. Bu, təbiidir, hər bir insanın öz fantaziyaları əsasında fikirləri yarana bilər. Hər halda bu bina həm memarlıq baxımından, həm funksional baxımdan nadir binadır.

Beş il bundan əvvəl – 2007-ci ildə binanın bünövrəsi qoyuldu, tikintisi başlandı. Əlbəttə, bu gözəl memarlıq əsərini reallığa çevirmək lazım idi və mən bu gün bu fürsətdən istifadə edərək həm dünya şöhrətli memar Zaha Hadidə, eyni zamanda, binanın tikintisi ilə məşğul olan bütün insanlara bu gözəl əsəri yaratdıqlarına görə minnətdarlığımı bildirmək istəyirəm.

Siz, əziz dostlar, ilk dəfədir ki, bu binaya gəlmisiniz. Mən isə tikinti zamanı dəfələrlə buralarda olmuşam və tikinti daim nəzarət altında idi. Bina ilə tanışlıq üçün imkanlar olacaqdır. Həm sizin, həm Azərbaycan vətəndaşlarının. Çünki bu bina çoxfunksiyalı mərkəzdir. Burada iclaslar və konsert, rəsmi qəbullar və konfrans zalları vardır, Heydər Əliyev Muzeyi fəaliyyət göstərəcəkdir. Kitabxana, sərgi salonları nəzərdə tutulubdur, digər otaqlar və zallar vardır. Bina Azərbaycan vətəndaşlarına hərtərəfli şəkildə xidmət göstərəcəkdir.

Binanın ərazisi, qeyd etdiyim kimi, 16 hektardır. Gözəl parklar salınıb. İnsanların rahatlığı üçün eskalatorlar quraşdırılıb. Əminəm ki, bu Mərkəz və Mərkəzin ətrafı şəhərimizin gözəlləşməsinə xidmət göstərəcəkdir və eyni zamanda, insanların istirahət yerinə çevriləcəkdir.

Bakı sürətlə gözəlləşir, inkişaf edir. Bakıda həm qədimlik, həm müasirlik vəhdət təşkil edir. Bakı qədim və müasir şəhərdir. Bakının ənənəvi qədim rəmzləri vardır ki, biz bu rəmzlərlə haqlı olaraq fəxr edirik. Qız qalası Bakının ən əsas rəmzlərindən biridir. Dənizkənarı bulvar Bakının rəmzidir. Şirvanşahlar sarayı, Qobustan qoruğu, İçərişəhər Bakının qədim və köhnə rəmzləridir. Müasir Bakımızın müasir rəmzləri isə bu illərdə yaradılır. Onların arasında qeyd edə bilərəm, 3,5 kilometrdən 14 kilometrə qədər uzadılan Bakı bulvarı, onun köhnə hissəsi, yeni hissəsi və Bayraq Meydanı ətrafında tikilən bulvar.

Bayraq Meydanı şəhərimizin, ölkəmizin müasir rəmzidir. Dünyanın ən böyük bayrağı və ən möhtəşəm Bayraq Meydanı Bakıdadır. Bu meydanın ərazisi 60 hektardır. Bu da möhtəşəm, nadir memarlıq abidəsidir, eyni zamanda, dövlətçiliyimizin rəmzidir.

Yeni rəmzlərdən söhbət açarkən, əlbəttə, “Alov qüllələri”ni qeyd etməliyəm. Bu da müasir, inkişaf edən Bakımızın rəmzidir. Yeni istismara verilən “Bakı kristal zalı” və nəhayət Heydər Əliyev Mərkəzi. Bu binalar da Bakının müasir rəmzləridir. Əminəm ki, Bakıya gələn hər bir vətəndaş, hər bir qonaq şəhərin qədim və müasir rəmzlərini görəcək, onlarla tanış olacaqdır. Onlar görəcəklər ki, Azərbaycanda həm qədim tarixə böyük diqqət və hörmət vardır, eyni zamanda, Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir və Azərbaycanın inkişafı o qədər sürətlə gedir ki, biz belə gözəl memarlıq əsərləri yarada bilirik.

Heydər Əliyev Mərkəzi artıq dünya memarlıq siyahısına daxil edilibdir. Heydər Əliyev Mərkəzi memarlıq möcüzəsidir. Təbii ki, bu Mərkəz müstəqilliyimizin banisi Heydər Əliyevin adını daşıyır.

Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970-1980-ci illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir.

Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün də xalqımıza, dövlətimizə xidmət göstərir. 1987-ci ildə Heydər Əliyev Sovet İttifaqının siyasi rəhbərliyindən uzaqlaşdırılandan sonra Azərbaycanın problemləri başlamışdır. Ondan iki həftə sonra erməni lobbisi tərəfindən başlanmış kampaniya nəticəsində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyası ortaya qoyulmuşdur. Bu ideya ətrafında Ermənistan və onun havadarları Azərbaycana qarşı işğalçı siyasətini başlamışdır. Heydər Əliyev amili, onun gücü imkan vermirdi ki, belə iddialar ortaya qoyulsun. Onun istefasından iki həftə sonra bu planlar reallaşmağa başlamışdır.

1988-ci ildə Azərbaycana qarşı növbəti təxribat - Sumqayıt hadisəsi baş vermişdi. İstintaq materialları dərc edilib. Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrini erməni millətçiləri törətmişdilər. Bu, onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisədən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün və ondan sonra azərbaycanlılara qarşı soyqırımı əsaslandırılsın.

1990-cı ildə Azərbaycan xalqına qarşı təcavüz edilmişdir. Qanlı Yanvar hadisələri baş vermişdir. 1992-ci ildə Xocalı soyqırımı törədilmişdir. 1992-ci ilin mayında Şuşa və Laçın rayonları işğal altına düşmüşdür. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonu işğal altına düşmüşdür və beləliklə, Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaranmışdır.

Heydər Əliyevin siyasi hakimiyyətdə olmadığı dövrdə Azərbaycan xalqının başına gör nə qədər bəlalar gətirilmişdir. Xoşbəxtlikdən Azərbaycan xalqı müdriklik göstərərək 1993-cü ildə vətəndaş müharibəsi gedə-gedə ulu öndərə müraciət etmiş, onu siyasi rəhbərliyə dəvət etmiş və imkan vermişdir ki, Azərbaycan bu ağır, çətin vəziyyətdən çıxa bilsin. Yalnız Heydər Əliyev siyasəti, onun müdrikliyi, cəsarəti, xalqa olan münasibəti və xalq tərəfindən ona olan inamın nəticəsində biz o böhranlı vəziyyətdən çıxa bildik. Bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, sabitlik yarandı, asayiş bərpa edildi, vətəndaş qırğınına son qoyuldu və ölkə inkişaf etməyə başladı.

Ona görə biz deyəndə ki, Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisidir, yanılmırıq. Həqiqətən də belədir. Çünki müasir tariximiz, şanlı tariximiz 1993-cü ildən başlayır. O ildən 2003-cü ilə qədər Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Mütərəqqi Konstitusiya qəbul edilmişdir, ümumi dövlət quruculuğu prosesi başlamışdır, əsaslı siyasi və iqtisadi islahatlar reallaşmışdır, Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilmişdir və beynəlxalq təşkilatlara üzv olmuşdur.

Heydər Əliyevin təşəbbüsü ilə aparılan iqtisadi islahatlar bazar iqtisadiyyatı prinsiplərinə söykənirdi. Bu da inqilabi bir dəyişiklik idi. Həm siyasi islahatlar, həm iqtisadi islahatlar bugünkü inkişafı şərtləndirir.

O vaxtkı ağır şəraitdə Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyası reallaşmağa başlamışdır. Onun tərəfindən başlanmış bu strategiya bu gün davam etdirilir, zənginləşdirilir. Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev neft strategiyasıdır.

Ordu quruculuğu prosesi başlamışdır. Azərbaycanda nizami ordu demək olar ki, yox idi. Ayrı-ayrı silahlı birləşmələr, müxtəlif siyasi qüvvələrə tabe olan birləşmələr müharibəni lazımi səviyyədə apara bilmirdilər. Nizami ordunun yaradılması tarixi hadisədir. Bu gün ordumuz güclənir və istənilən məsələni həll etməyə qadirdir. Yəni, biz bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan biridir.

Bir sözlə, on il ərzində ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır. Biz – ulu öndərin davamçıları elə etməliyik ki, onun siyasi xətti Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm. Son doqquz ilin təcrübəsi göstərir ki, biz bu siyasətə sadiqik. Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqik. Çünki 2003-cü ilin sonlarında o demişdir ki, mənim tərəfimdən başlanan işlərə mənim davamçılarım yekun vuracaqdır. Belə də oldu. Onun təşəbbüsü ilə yaradılan və şəxsən təməl daşını qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərini biz 2006-cı ildə istismara verdik. Onun təşəbbüsü ilə imzalanmış “Şahdəniz” layihəsinin tərkib hissəsi olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərini biz 2007-ci ildə işə saldıq. Artıq açılan bu yeni dəhliz bizə imkan verdi ki, üçüncü strateji layihəni icra edək. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla davam edir və yaxın aylarda başa çatacaqdır. Bu yeni dəmir ipək yolunun yaradılması Azərbaycanın uzunmüddətli siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir.

Siyasi islahatlar davam etdirilir. Azərbaycan mövqelərini möhkəmləndirir. Azərbaycanda demokratikləşmə prosesi uğurla gedir. Azərbaycanda bütün azadlıqlar vardır. Bu istiqamətdə aparılan islahatlar çox müsbətdir, çox uğurludur, çox dəyərlidir. Bu islahatlar davam etdiriləcəkdir. Son doqquz il ərzində Azərbaycan iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır. Doqquz ildə iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı təxminən 50 faizdən 7,6 faizə düşmüşdür. İşsizlik kəskin şəkildə azalmışdır. Bir milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda işsizlik Azərbaycanda 5,3 faizdir. Büdcə kəsiri demək olar ki, yoxdur. Bəlkə bir faiz təşkil edir. Amma kəsirsiz büdcə bizim üçün problem deyildir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu, hesab edirəm ki, dünya miqyasında ən uğurlu nəticələrdən biridir. Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də qiymətləndirilir və qeyd edilir. Dünya üçün, qitə üçün ən çətin böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Üç əsas beynəlxalq reytinq agentlikləri “Moody’s”, “Fitch”, “Standard & Poors” Azərbaycanın kredit reytinqini artırırlar.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir. Bu ilin birinci rübünün yekunları bunu əyani şəkildə göstərir. Qeyri-neft iqtisadiyyatı 7,7 faiz, qeyri-neft sənaye 16,5 faiz artmışdır. Budur bugünkü Azərbaycanın inkişaf dinamikası və reallıqları. Bununla bərabər, çox güclü sosial siyasət aparılır. Keçən il biz pensiyaların böyük dərəcədə artımına nail ola bildik. Bu ildən sovet dövrü əmanətlərinin qaytarılması, daha doğrusu, insanlara kompensasiyanın verilməsi prosesi başlanmışdır. Hesablanan əmsala görə, postsovet məkanında ən uğurlu və insanlar üçün ən faydalı yanaşma bizdədir. Yəni, ən qısa müddət ərzində ən çox vəsait ödəniləcək ölkə Azərbaycan olacaqdır. Çünki gələn ilin sonuna qədər bütün kompensasiyalar verilməlidir.

Ordu quruculuğu prosesində Azərbaycan çox böyük uğurlara nail ola bilmişdir. Bu gün bizim hərbi xərclərimiz Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur. Bizim böyük gücümüz, böyük ordumuz vardır. Silahlı Qüvvələrimiz istənilən məsələni həll etməyə qadirdir. Mən dəfələrlə bir fikri qeyd edirəm, bir daha demək istəyirəm: Mən tam əminəm və bilirəm, Azərbaycan xalqı da tam əmindir ki, əgər ölkəmiz üçün həlledici illərdə - 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olsaydı, bir qarış torpaq işğal altına düşə bilməzdi.

Məhz ona görə erməni lobbisi, - bu mənfur qurum bütün səylərini Heydər ƏIiyevin neytrallaşdırılmasına yönəltmişdi. Əfsuslar ki, buna nail oldu. Əfsuslar olsun ki, bu çirkin kampaniyada o vaxt burada, Azərbaycanda milli satqınlar da iştirak etmişlər. “Beşinci kolon” o vaxt da var idi, əfsuslar olsun ki, bu gün də vardır. Onların sayı çox azdır, amma vardır. Bu gün də müstəqil ölkəyə zərbə vurmaq, ölkəmizi ləkələmək, ölkəmizin imicinə xələl gətirmək onların peşəsidir. Antimilli qüvvələr qınaq obyektinə çevrilir. Azərbaycan cəmiyyəti bu qüvvələri rədd edir və biz heç vaxt imkan vermərik ki, Azərbaycanın müstəqilliyinə, suveren inkişaf haqqına kimsə müdaxilə etsin.

Son doqquz ildə Azərbaycan xarici siyasət sahəsində böyük uğurlara imza atmışdır. Bizim dostlarımızın sayı artmaqdadır. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, bərabərhüquqlu münasibətlər qura bilmişik. Bu, bizim yanaşmamızdır. Bu ədalətli yanaşmadır. Biz beynəlxalq hüquq normalarına hörmətlə yanaşırıq və bütün ölkələri buna dəvət edirik. Bir sözlə, regionda, bölgədə nüfuzumuz artır. Azərbaycanın iştirakı olmadan nə iqtisadi sahədə, nə də siyasi sahədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Azərbaycan bölgənin mərkəzidir, ən qüdrətli, ən dinamik inkişaf edən dövlətdir. Biz bundan sonra da ikitərəfli formatda bütün ölkələrlə ancaq bərabərhüquqlu münasibətlərin inkişafına çalışacağıq. Mən çox şadam ki, bu prinsipləri bölüşən ölkələrin sayı həddindən artıq çoxdur və bir sözlə, dostlarımızın sayı artır.

Biz beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi həmişə olduğu kimi ifadə edirik. Hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı mövqeyimiz vardır. Bu mövqe ədalətə, beynəlxalq hüquqa və Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Azərbaycan tərəfindən aparılan xarici siyasət nəticəsində bu gün dünya miqyasında bizə çox böyük inam və hörmət vardır. Mən bunu bilirdim. Çünki ikitərəfli təmaslarda, beynəlxalq təşkilatların toplantılarında iştirakım və bütövlükdə xarici əlaqələrlə bağlı irəli sürülən təşəbbüslər bu əminliyi yaradırdı. Mən bilirdim ki, Azərbaycan çox böyük hörmətə malik olan ölkədir. Ancaq bu gün bunu bütün dünya bilir. Çünki bir neçə ay bundan əvvəl Azərbaycan dünyanın ən mötəbər qurumuna üzv seçilmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Hesab edirəm ki, müstəqillik dövründə bu, bizim ən böyük diplomatik uğurumuzdur. Biz dünya birliyinin dəstəyini qazana bilmişik. Dünya birliyi deyəndə əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatı nəzərdə tutulur. Çünki bütün dünya dövlətlərini birləşdirən yeganə təşkilat BMT-dir. BMT-nin ən ali orqanında təmsil olunmağımız böyük tarixi nailiyyətdir və tarixi ədalətdir.

Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq bu mötəbər kürsüyə çatmışdır, hazırda Təhlükəsizlik Şurasına rəhbərlik edir. Bir həftə bundan əvvəl Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasına rəhbərlik edirdi. Bu da tariximizdə böyük hadisədir.

Bir daha demək istəyirəm, əziz dostlar, mən bunu tam səmimiyyətlə deyirəm, bugünkü reallıqların təməli ulu öndər tərəfindən qoyulmuşdur. Əlbəttə, həyat yerində durmur. Yeni çağırışlar irəli sürülür, yeni vəzifələr ortaya çıxır. Biz daim çevik diplomatiya aparırıq. Ölkə daxilində əlbəttə ki, yeni çağırışlar çıxır və biz çalışırıq ki, ölkə daxilində olan bütün sosial və iqtisadi məsələləri həll edək. Büdcə xərcləri 12 faizdən çox artmışdır. Digər iqtisadi göstəriciləri mən artıq qeyd etdim. Ancaq bütün bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Çünki 1993-cü ildə və ondan sonra inkişafımızın əsas istiqamətləri məhz onun təşəbbüsü ilə müəyyən edilmişdir. İstər xarici, istər daxili siyasətlə bağlı siyasi və iqtisadi islahatlar onun dünyagörüşü, onun fəlsəfəsi və uzaqgörənliyi sayəsində formalaşmışdır. Biz bu istiqamətlər üzrə irəliyə gedirik. Biz bu ana xətdən kənara çıxmırıq. Ancaq eyni zamanda, əlbəttə ki, əvvəlki dövrün təcrübəsini təhlil edərək biz irəli gedirik. Bu da təbiidir. Hər bir cəmiyyət inkişaf etməlidir. Azərbaycan cəmiyyəti də inkişaf edir. Ancaq müəyyən edilmiş istiqamətlər, strategiya üzrə. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır. Biz siyasətimizi vahid strategiya və konsepsiya əsasında qururuq.

Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yol ilə gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm ki, bundan sonra da bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir. Sağ olun.

X X X

Sonra dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olundu.

Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur.

Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirildi.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Mərasimdə çıxış edən Fondun Prezidenti Mehriban xanım ƏLİYEVA dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar, əziz dostlar!

Sizi səmimi qəlbdən salamlayır və Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbrik edirəm.

Bu gün qapılarını açan bu möhtəşəm memarlıq əsəri böyük insan, dahi şəxsiyyət Heydər Əliyevin unudulmaz xatirəsini yaşadan bir abidədir. Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycanın tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük. Ölkəmizin bugünkü uğurları, bugünkü nailiyyətləri, müstəqilliyimizin güclənməsi Heydər Əliyev yolunun, Heydər Əliyev azərbaycançılıq ideyasının davamıdır.

Heydər Əliyevin adını daşıyan Fond fəaliyyətə başlayan ilk anlarından daşıdığı yüksək ada layiq olmağa, xalqımıza və ölkəmizə xidmət etməyə, Azərbaycanı dünyada layiqincə təmsil etməyə, humanizm və insansevərlik ideallarına arxalanmağa çalışıb. Bu 8 il ərzində Fond ölkəmizin ictimai həyatının demək olar ki, bütün sahələrində fəal iştirak edib. Fond öz işləri, öz konkret layihələri ilə hər zaman adi insanların maraqlarını qorumaqla, köməyə ehtiyacı olana kömək etməklə həm Azərbaycanda, həm ölkəmizdən kənarda hörmət və etimad qazanıb.

Ötən il də Fond tərəfindən bir sıra vacib işlər həyata keçirilib. Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Fransa, Rusiya, Almaniya, İtaliya və Vatikanda geniş tədbirlər keçirilib və beynəlxalq ictimaiyyətin diqqəti bir daha Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə yönəldilmişdir. Fondun dəstəyi ilə İngiltərədə və Fransada baş tutmuş, Almaniyada və İtaliyada keçirilməsi nəzərdə tutulmuş “Bakıya uçuş: Müasir Azərbaycan İncəsənəti” sərgisi Azərbaycan rəssamlarının beynəlxalq miqyasda tanıdılması üçün yeni imkanlar yaradır.

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Fondun dəstəyi ilə ölkəmizdə məktəblərin, internatların, uşaq evlərinin, bağçaların təmiri və bərpası davam edir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim Fondun diqqət mərkəzindədir. Biz humanitar sahədə fəaliyyətimizi genişləndiririk. Sirr deyil ki, müasir dünyada humanitar əməkdaşlıq mövcud problemlərin, münaqişələrin aradan qaldırılmasında, müxtəlif xalqlar arasında qarşılıqlı hörmət və anlaşma yaradılmasında ən vacib vasitələrdən biridir. Məhz buna görə də Fond ötən il bu sahədə bir çox vacib işlər həyata keçirib. Luvr Muzeyinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının bərpasında, Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında, Afrika “İrs” məktəbinin yaradılmasında Fond çox fəal iştirak edib.

Fond ilk illərdən bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO ilə çox sıx və uğurlu əməkdaşlıq qurub. Bu gün qeyd etmək istəyirəm ki, bizim birgə layihələrimiz həm Azərbaycanda, həm xaricdə uğurla həyata keçirilir.

Əziz dostlar, bizim yeni ideyalarımız vardır. Qarşımızda yeni məqsədlər durur və mən ümidvaram ki, gələcəkdə də bizim bütün planlarımız həyatda öz reallığını tapacaqdır. Mən bu gün Fondla əməkdaşlıq edən, layihələrdə iştirak edən, bizdən öz dəstəyini əsirgəməyən hər bir kəsə, hər bir təşkilata dərin minnətdarlığımı çatdırıram.

Bu günlər biz hamımız paytaxtımızda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi başlanmasını gözləyirik. Biz Heydər Əliyev Fondunun işçiləri fəxr edirik ki, məhz Fondun təşəbbüsü ilə və birbaşa dəstəyi ilə bir neçə il bundan əvvəl ölkəmiz bu müsabiqəyə qatıldı və cəmi 4 ildən sonra bizim istedadlı gənclər Nigar və Eldarın qələbəsi nəticəsində bu mahnı bayramı ölkəmizə gəldi.

Heydər Əliyev Fondu “Eurovision-2012”nin rəsmi tərəfdaşı olaraq bu müsabiqənin ölkəmizdə ən yüksək səviyyədə keçirilməsi üçün bütün səylərini göstərir. Artıq bir neçə gündən sonra şəhərimiz müsabiqənin iştirakçılarını və qonaqlarını salamlayacaqdır. Onların əksəriyyəti üçün yəqin ki, bu, ölkəmizlə ilk tanışlıq olacaqdır. Mən çox istərdim və ümidvaram ki, şəhərimizə gələn hər bir qonaq Bakının gözəlliyinə, qədim Bakının müasir simasına, Bakının təkrarolunmaz ab-havasına vurulsun və ən əsası isə insanlarımızın, Azərbaycan xalqının qonaqpərvərliyini hiss etsin. Mən əminəm ki, Bakıda “Eurovision-2012” unudulmaz bir bayrama çevriləcəkdir.

Sonda əziz qonaqlar, bir daha sizi bu gün münasibətilə təbrik edirəm. Ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu axşam sizə xoş anlar bəxş edəcəkdir. Sizə və sizin yaxınlarınıza cansağlığı, xoşbəxtlik və məhəbbət arzulayıram.

X X X

Mərasimdə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2012-ci il qalibləri elan olundu.

Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanasa “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edildi.

Səfir Kestutis KUDZMANAS minnətdarlığını bildirərək dedi:

- Zati-aliləri cənab Prezident!

- Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva!

Əvvəlcə, mən bu fürsətdən istifadə edərək dərin minnətdarlığımı Heydər Əliyev Fonduna bildirirəm. Bilirik ki, Heydər Əliyev Fondunun tutduğu strategiya mühüm amil olaraq cəmiyyətin inkişafını təmin edir. Mən çox məmnunam ki, Litva Respublikasının səfirliyi ilə Fond arasında təhsil sahəsində bu cür məhsuldar əməkdaşlıq aparılmışdır.

Qeyd etmək istəyirəm ki, mənə verilən bu mükafat Litva ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Bu sözlərimi bildirərək mən Heydər Əliyev Fonduna gələcək fəaliyyətində uğurlar arzulamaq istəyirəm. Azərbaycan xalqına çiçəklənmə və rifah arzulayıram.

Sonda təşəkkürlərini Azərbaycan dilində çatdıran səfir dedi:

-Hörmətli cənab Prezident, hörmətli xanım Mehriban Əliyeva, təşəkkür edirəm.

X X X

Eyni mükafat beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyevə də təqdim edildi.

Beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil etdiyinə, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırdığına, dövlət himnini səsləndirməklə Vətənimiz, xalqımız naminə göstərdiyi əvəzsiz xidmətlərə görə ikiqat paralimpiya, üçqat dünya çempionu İlham Zəkiyev də Fondun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görüldü.

Mükafatı qəbul edən İlham ZƏKİYEV təşəkkür edərək dedi:

- Bütün məclis iştirakçılarını salamlayıram.

Çox hörmətli möhtərəm cənab Prezident, Mehriban xanım,

mən bu mükafata görə Sizə minnətdarlığımı bildirmək istərdim. Bu, mənim üçün çox gözlənilməz oldu. Bu “Qızıl çinar” təkcə İlham Zəkiyevə verilən qiymət deyildir. Bu, Azərbaycan idmançılarının qələbəsidir. Mən bütün Azərbaycan idmançıları adından minnətdarlığımı bildirirəm. Çox sağ olun.

X X X

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə və Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş təntənəli mərasimin bədii hissəsini İtaliyanın məşhur Santa Çeçilia Milli Akademiyasının orkestri davam etdirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq