Bakıda Hindistanın milli bayramı qeyd edilib
Bakı, 26 yanvar, Pərvanə Rəhimova, AZƏRTAC
Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.
Səfir Sanjay Rana ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən danışıb. Bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ilk ölkələrdən biri də Hindistandır. Azərbaycan-Hindistan əlaqələri bundan sonra daha da inkişaf edəcək.
Sanjay Rana Hindistanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan söz açıb, ölkəsinin Azərbaycanla bütün sahələrdə dostluğu və əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu vurğulayıb.
Hər iki ölkənin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini inkişaf etdirmək istiqamətində çalışdığını deyən Sanjay Rana qeyd edib ki, 2017-ci ildə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət 60 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycan regionda nəqliyyat və logistika şəbəkəsinə çevrilib.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Hindistan xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir bildirib ki, Azərbaycan-Hindistan əlaqələri arasında dərin tarixi köklər və xoş ənənələr mövcuddur.
Hüseynqulu Bağırov Azərbaycanın Hindistanla tibb və əczaçılıq, infrastruktur, İKT, kənd təsərrüfatı, enerji, o cümlədən alternativ enerji, səhiyyə və turizm sektorlarında əməkdaşlığa böyük önəm verildiyini deyib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak edib.