MƏDƏNİYYƏT


Bakıda II Beynəlxalq "Türk dünyasının  ortaq dili – naxışlar" simpoziumu keçiriləcək

Bakı, 20 may, AZƏRTAC

Mayın 22-dən 24-dək Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək.

Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyənin ölkəmizdəki Mədəniyyət və Tanıtma müşavirliyi, “Z Company 2007”, ATİB (Azərbaycan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, simpoziumda Azərbaycan, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edəcəklər.

Simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir.

Tədbirin mövzusu türk xalça sənətində naxışlardır. Bu mövzu istənilən tarixi dövrləri – bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir. Akademik sessiyalarda “Türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri”, “Türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər”, “Xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri və onların zənginləşdirilməsi”, “Naxışın xüsusi bədii dili”, “Müasir dünya incəsənətində naxışların əhəmiyyəti” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr və fikir mübadiləsi aparılacaq.

Naxışların tipoloji təsnifatındakı özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elm adamlarının məruzələri kitab şəklində nəşr ediləcək, kitabxanalara və iştirakçılara paylanacaq.

II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu çərçivəsində D.Kara Çoban adına Milli Qaqauziya Tarix və Etnoqrafiya Muzeyinin eksponatlarından ibarət sərgi açılacaq. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milli geyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.