Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, BMT, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafına həsr olunmuşdur. İki gün davam edəcək bu mötəbər beynəlxalq tədbirdə 30 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 200-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir.

II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail SERAGELDİN bildirdi ki, dünyada insanları bir araya gətirməyi, onlar üçün daha yaxşı həyat şəraitinin yaradılması ilə bağlı təşəbbüslərin irəli sürülməsinə nail olmağı əsas məqsədinə çevirən bu Forum qloballaşma dövründə açıq cəmiyyətlərin qurulmasına xüsusi əhəmiyyət verir. İsmail Serageldin dedi:

- Zati-aliləri!

Xanımlar və cənablar!

Belə bir möhtəşəm toplantıya xoş gəlmisiniz. Bizim buraya toplaşmaqda məqsədimiz bütün dünyada yaşayan insanları bir araya gətirmək, onların arasında təmaslar yaratmaq, onlar üçün daha yaxşı həyat tərzini və səviyyəsini təmin etməkdir.

Bu gün biz dünyada olan vəziyyətə, havanın qlobal istiləşməsi, münaqişələr, müharibələr, su resurslarının idarə edilməsi və digər problemlərə diqqət yetirəcəyik. Cəmiyyətlər daxilindəki təcridolunma hallarına nəzər yetirsək görə bilərik ki, açıq cəmiyyətlərin qurulması xüsusi əhəmiyyət kəsb edir. Buna görə, biz diqqətimizi məhz tariximizin səhifələrinə yetirməliyik, özümüz üçün müəyyən etməliyik ki, həyatın cövhəri nədir, biz həyati dəyərlərimizi nə dərəcədə qoruyub saxlaya bilmişik, yoxsa biz onları itirmişik, yoxsa biz onları diqqətdən kənarda qoymuşuq?! Buna görə, bu il yenidən bizim Bakıda toplaşmağımız 2013-cü ildə keçirilmiş birinci Forumda qaldırılmış məsələləri daha ətraflı şəkildə müzakirə etmək imkanı yaradır.

Hər zaman biz belə bir mühüm tədbirləri ilk növbədə ev sahibinə, Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq sözləri ilə başlayırıq.

X X X

Dövlətimizin başçısı Forumda nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Sizin hamınızı Azərbaycanda salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkəmizdə olacağınız günlər uzun müddət ərzində sizin yaddaşınızda qalacaqdır. Burada Azərbaycana ilk dəfə səfər edən qonaqlarımız da vardır. Ümidvaram ki, bizim ölkəmiz, tariximiz, mədəniyyətimiz haqqında yaxşı təəssüratlarınız olacaqdır. Mən xüsusi olaraq həmkarlarımı - keçmiş dövlət və hökumət başçılarını salamlamaq istəyirəm. Təxminən otuzdan artıq keçmiş dövlət və hökumət başçısı qonaqlarımız sırasındadır. Bu, əlbəttə ki, tədbirimizin əhəmiyyətini göstərir.

Mən, həmçinin Madrid Klubuna təşəkkürümü bildirmək istəyirəm ki, onlar bizim ölkəmizin yaxşı tərəfdaşıdır. Bizim əməkdaşlığımız bir neçə il öncə qurulub və bu, çox məhsuldar və fəal işbirliyidir. Mən, həmçinin çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış bir qurum kimi olduqca qısa müddət ərzində kifayət qədər nüfuzlu beynəlxalq təsisata çevrilmişdir və artıq Madrid Klubu ilə birlikdə bu cür mühüm toplantını təşkil edir. Dostlarımıza, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəstək verənlərə apardıqları fəaliyyətə görə olduqca minnətdaram. Bu Mərkəz Azərbaycan xalqının istedadının və müdrikliyinin rəmzi olan Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır.

Forumun gündəliyi çox genişdir və həyatımızın bütün mühüm aspektlərini əhatə edir. Əlbəttə ki, bu gün və sabah keçiriləcək sessiyalar zamanı hər kəs üçün bərabər imkanlar və lazımi həyat standartlarını təmin etmək məqsədilə keçmişdə baş verənlər və gələcəkdə görülməli işlər barədə mühüm bəyanatlar veriləcəkdir. Açıq cəmiyyət elə bir cəmiyyətdir ki, onun bütün üzvləri özlərini rahat hiss edir, şərəfli həyat tərzi sürür, iş yerləri vardır və öz övladlarının gələcəyinə əmindirlər.

 Bizim öz təcrübəmiz vardır. Müstəqillik baxımından ölkəmiz gəncdir. Müstəqilliyimizin əldə edilməsindən sonra cəmi 22 il keçməsinə baxmayaraq, belə bir qısa tarixi müddətdə müxtəlif məsələləri həll etməli olduq. Başlanğıcda bir çox problemlərdən, siyasi və iqtisadi çətinliklərdən əziyyət çəkmişik. İndi isə, Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğu dövrdə bu dəyişiklik sadəcə gözlərimiz qarşısındadır və şadıq ki, biz bu prosesin bir hissəsi olmuşuq və həmçinin Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak edirik. Xalqımızın gözəl tarixi, adət-ənənələri, mədəniyyəti vardır, lakin müstəqil ölkə kimi biz gəncik. Ötən əsrin əvvəlində müstəqillik dövrümüz olub, lakin bu, rus imperiyası dağıldıqdan və bolşevik inqilabından sonra baş verib və qısa sürüb, yalnız iki il çəkib. İnqilabın o vaxt şüarları var idi: Zavodlar fəhlələrə, torpaqlar kəndlilərə verilməli, azadlıq isə rus imperiyasının bütün xalqları üçün təmin edilməli idi. Lakin həmin vədlərin heç biri reallığa çevrilmədi.

 Buna görə, iki ildən sonra biz müstəqillikdən məhrum olduq və Azərbaycan digər ölkənin bir hissəsinə çevrildi. Əlbəttə ki, bu, həyatımızın, tariximizin bir hissəsi olub. Ona görə keçmiş sovet məkanında yaşayan insanlar, fikrimcə, onlar öz müstəqilliyini, müstəqil seçimini, azad olmaq, öz dövlətinə malik olmaq hüququnu daha yüksək dəyərləndirirlər və onlar öz dövlətləri ilə fəxr edirlər. Azərbaycanın təcrübəsi göstərir ki, gələcəyimiz, taleyimiz öz əlimizdə olduğu zaman biz əvvəlki vaxtlarla müqayisədə daha çox iş görə bilərik. Çünki qısa müstəqillik dövrümüz göstərir ki, bütün çətinliklərə, iqtisadi və siyasi böhranlara, 1990-cı illərin əvvəlində vətəndaş müharibəsinə baxmayaraq, biz həmin çətinliklərin öhdəsindən gələ bildik. Bu gün gələcəyimizi planlaşdırdıqda həyat tərzimizi daha da yaxşılaşdırmaq və daha güclü olmaq haqqında düşünürük.

 Bu cür dəyişikliklərin əsas səbəblərindən birinə, yəni, ilkin şərtlərə gəldikdə, bu, islahatlar siyasətidir. Çünki həyatımızın hər bir aspektini dəyişməli idik, biz azad və müstəqil, öz dövlətimizə malik olmağı və bir siyasi sistemdən digər sistemə keçməyi öyrənməli idik. Bunu isə etmək asan deyildi. Lakin bu, baş verdi. Bu gün dövlətçiliyimizin möhkəm əsasları vardır. Biz geniş şəkildə ölkəmizi müasirləşdirən siyasi və iqtisadi islahatlar apardıq. Demokratiyanı inkişaf etdirdik, əsas azadlıqları, o cümlədən indiki həyatımızın ayrılmaz hissəsi olan toplaşmaq azadlığı, media azadlığı, azad interneti təmin etdik.

 İyirmi iki il öncə biz bunu sadəcə arzulaya bilərdik. Eyni zamanda, aydın anladıq ki, möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz. Buna görə də siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir. Burada qeyd etməliyəm ki, uğurlarımızın əsas səbəblərindən biri xarici sərmayələrin cəlb edilməsi idi. İyirmi il öncə üzləşdiyimiz eyni çətinliklərlə üzləşən ölkələrə gəldikdə isə, bizim təcrübəmiz ölkəni necə dəyişmək, vətəndaşlara daha yaxşı həyat təmin etmək üçün yaxşı nümunə ola bilər.

 Biz xarici sərmayələri cəlb etməyi bacardıq. Həmin sərmayələri inkişaf etdirmək istədiyimiz, həmçinin sərmayədarlar üçün cəlbedici olan iqtisadiyyat sahələrinə istiqamətləndirdik. Biz münbit sərmayə şəraitini yaratdıq və çox çalışdıq ki, hətta 15 il öncə mövcud olmuş məhdud resurslarla çox sayda iş yerləri yaradaq. Biz bu gün də düzgün istiqamətdə irəliləyirik. Aydın şəkildə anladıq ki, müstəqilliyimizin gücləndirilməsində, onun əbədi, dönməz olmasında irəliyə doğru yol ondan ibarətdir ki, biz iqtisadi baxımdan azad, müstəqil və güclü olmalıyıq. İndi isə mən söyləyə bilərəm ki, illər boyu aparılan və bu gün də davam edən islahatlardan sonra Azərbaycan çox aydın gələcəyə malik olan ölkə kimi qəbul edilə bilər. Biz son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşuq. Bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. Bizim “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız vardır. Bu sənəd gələcəyimizin əsas bələdçi sənədi kimi qəbul edilib.

 Maliyyə vəziyyətimiz sabitdir. Xarici borcumuzun səviyyəsi çox azdır, ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, o deməkdir ki, biz beynəlxalq maliyyə təsisatları ilə daha fəal şəkildə işləmək planlarını qura bilərik. Eyni zamanda, iqtisadiyyat inkişaf etdirilmək üçün şaxələndirilməlidir. Çünki əlbəttə, təbii sərvət hesab edilən neft və qaz uğurlarımızın aparıcı meyarı olub. Hazırda şaxələndirilmə bizim əsas prioritetimizdir. Çünki neft və qaz sektoru hesabına çox iş yerləri açılmır. Buna görə, iqtisadiyyatın şaxələndirilməsi, sosial infrastruktura yatırımlar uzaq bölgələrdə belə lazımi həyat tərzini təmin edir, hər bir şəhərə genişzolaqlı internet çıxışını yaradır. Üç min orta məktəbin, beş yüz xəstəxananın tikilməsi və digər amillər cəmiyyətimizə tamamilə yeni mühit yaratmaq imkanını verdi. İlk addım olaraq, biz xaricə miqrasiyanı, yəni, Azərbaycandan digər ölkələrə axını dayandırdıq. Bu, sonra ölkədaxili  miqrasiya, yəni, insanların kiçik kənd yerlərindən Bakıya axını ilə əvəzləndi. İndiki məqsəd isə bu miqrasiyanı da dayandırmaqdır. Bu məsələ də ilbəil öz həllini tapır.

İqtisadi inkişaf olduqca ciddi sosial proqramlarla dəstəklənir. Çünki bilirik ki, bəzi hallarda radikal iqtisadi islahatlar insanların gündəlik həyatında müəyyən çətinliklər yaradır. Buna görə də hökumətimiz üçün sosial məsələlər hər zaman prioritet xarakter daşıyıb. Yaşayış standartlarının yaxşılaşdırılması, iş yerlərinin açılması, işsizliyin azaldılması, bütün bunlar göstərir ki, bunu etmək olar. Birinci olaraq, bizə sadəcə sabitlik lazımdır. Çünki sabitlik olmadan bütün bunlar mümkünsüzdür. İkincisi, əhalimizin əksər hissəsi tərəfindən dəstəklənən olduqca aydın daxili siyasətimiz vardır və biz nəticələrə nail olmalıyıq, verdiyimiz vədləri yerinə yetirməliyik, üzərimizə götürdüyümüz vəzifələri icra etməliyik. Bu halda olduqca mühüm məqama, siyasətçilərin məsuliyyətinə toxunuruq. Bu şəxslər işlərin başında dayanır. Bir sıra hallarda daha çox dəstək və daha çox səslərin qazanılması üçün bəzi həmkarlarımız populist vədlərlə çıxış edirlər. Lakin onlar yerinə yetirilməyəndə insanlar məyus olurlar. Siyasətçilərin məsuliyyəti onların özləri üçün olduqca çox vacibdir. Çünki bu, onlara etimad səviyyəsini artırır və cəmiyyəti daha da gücləndirir. Buna görə, nəticələrin əldə edilməsi əsas məqsədimiz idi. Bu nəticələr iqtisadi və statistik göstəricilərdə əks olunur. Hazırda yoxsulluq səviyyəsi təxminən 5 faizdir. Halbuki 10 il öncə 49 faiz olub. Surətli iqtisadi inkişaf Azərbaycan ətrafında olduqca yaxşı beynəlxalq mühit yaradır, çünki ölkəmiz daha çox tanınmağa başlayır. İndi daha çox insan Azərbaycanı tanıyır.

 Hazırda biz tarixdə heç vaxt olmadığı kimi beynəlxalq təsisatların dəstəyinə malikik. Bunun bir nümunəsi bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155 ölkənin lehimizə səs verməsi oldu. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi. Hətta ikitərəfli münasibətlərimiz o qədər fəal olmayan ölkələr belə bizi dəstəklədi. Onlar bizə etimad göstərdilər. Çünki bilirdilər ki, biz öz vədlərimizi yerinə yetirəcəyik. BMT-nin Təhlükəsizik Şurasının üzvü kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti qorumaq idi. Fikrimcə, bunlar indiki dünyanın iki ən əsas elementidir. Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə pozulub. Bu pozulmaya reaksiya yoxdur, çünki erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Beynəlxalq təşkilatlar, əlbəttə ki, qətnamələri qəbul ediblər. Bununla bağlı digər beynəlxalq təşkilatlar - ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və əlbəttə ki, BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurası qərarlar qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir. Görünür, onların icra mexanizmləri yoxdur.

Zənnimcə, 1990-cı illərin əvvəllərində baş verənlər göstərdi ki, biz azad olmaq, müstəqillik üçün böyük qurbanlar verməli idik. Lakin cəmiyyətimizin bütün üzvləri tam əmin idi ki, bu vəziyyət uzun çəkə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan xalqı, 1 milyon qaçqın və məcburi köçkün hazırda işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarında, doğma yurdlarında yaşamaq hüququnu bərpa edəcəkdir. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda ermənilər qeyri-qanuni referendum keçirdilər. Bundan öncə, Dağlıq Qarabağın əhalisinin üçdəbirini təşkil edən etnik azərbaycanlılar oradan qovulmuşdur. Bu hadisədən sonra qeyri-qanuni referendum keçirildi. Bu səbəbdən, dünyanın heç bir ölkəsi nə həmin “referendum”u, nə də qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bir sözlə, beynəlxalq hüquq, ədalət və tarix mövqeyimizi dəstəkləyir. Lakin aydın şəkildə anlayırıq ki, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün bu, kifayət deyildir. Bunu etmək üçün biz daha güclü olmalıyıq. Əfsuslar olsun, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin gündəliyində əsas yer tutur. Onda regionumuzun ölkələri, bizim kimi ölkələr nə etməlidir? Əminəm ki, belə bir sual bu Forumda müzakirə olunacaqdır. Müxtəlif ssenarilər vardır. Lakin bir məsələ tam aydındır ki, siz öz taleyinizin sahibi olmalısınız. Siz daha güclü olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında səfərbər etmək üçün ürəkdən çalışmalısınız. Bizim üçün əsas prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin gücləndirilməsidir və daha yaxşı həyat standartlarının xalqımız üçün təmin edilməsidir. Bütün bu elementlər bir-biri ilə bağlıdır. Əgər insanlar hökumətin gördüyü işin nəticələrini görürlərsə, gündəlik əsaslarla onların həyat tərzi yaxşılaşırsa, öz ölkəsi ilə fəxr edirlərsə, onda cəmiyyət güclü olur, parçalanmır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunur, öncə qeyd etdiyim kimi, müstəqillik və suverenlik məqsədi ətrafında toplaşır. Əlbəttə ki, Azərbaycanın inkişafı, çatışmazlıqlar və problemlər barədə cəmiyyətimizdə müxtəlif fikirlər vardır. Biz cəmiyyətimiz daxilində bu müzakirələri hər zaman yüksək dəyərləndiririk. Lakin həyatımızın strateji aspektinə gəldikdə, biz birik, yekdilik. Bu birlik bizi beynəlxalq səhnədə gücləndirir, bizə bu gün dünyanın üzləşdiyi problemlər haqqında açıq danışmaq, öz mövqeyimizi, beynəlxalq hüququ müdafiə etmək imkanını verir. Belədir ki, var.

Bu gün Azərbaycan açıq şəkildə bəyan edilən mövqeyə malik olan ölkədir. Bu, bir daha ədalətə və beynəlxalq hüquqa əsaslanır. Lakin, eyni zamanda, biz on, iyirmi, otuz il əvvələ baxmalıyıq və siyasətimizi elə planlaşdırmalıyıq ki, dayanıqlı inkişaf davam etsin. Davamlı inkişaf isə bu gün hər bir ölkə üçün ən vacib prioritetlərdən biridir. Hətta ən inkişaf etmiş ölkələrə gəldikdə, onların öz problemləri vardır. Onların iqtisadi problemləri, miqrasiya məsələləri vardır. Onlara əlavə işçi qüvvəsi lazımdır. Lakin, eyni zamanda, bu, cəmiyyətlərdə müəyyən gərginlik yaradır. Bizim fərqli problemlərimiz vardır. Fikrimcə, bu, problem deyil, əslində üstünlükdür. Bizim artan, gənc, dinamik əhalimiz vardır. Bu, o deməkdir ki, iqtisadiyyatımız hər zaman əhalinin artım tempindən daha surətlə inkişaf etməlidir. Çünki belə olmasa, biz günlərin bir günündə çətinliklər və işsizliklə üzləşə bilərik. Buna görə, surətli iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi və enerji əməliyyatlarından əldə edilən gəlirlərin iqtisadiyyatımızın ən vacib sahələrinə istiqamətləndirilməsi prioritetdir. Biz bu yolla davamlı inkişafa nail ola bilərik.

Cəmiyyətimizdə sosial və siyasi razılığın ən vacib elementlərindən biri multikulturalizmdir. Biz bir neçə beynəlxalq tədbir keçirmişik. Sivilizasiyalararası dialoq mövzusunda söhbətlər aparmışıq, beynəlxalq humanitar forumlar təşkil etmişik ki, bu mühüm mövzuları nəzərdən keçirək. Fikrimcə, bu kimi məsələlər bu günə qədər belə açıq şəkildə müxtəlif beynəlxalq təsisatlarda müzakirə olunmur. Çünki bu vəziyyətlə bağlı müxtəlif yanaşmalar vardır. Bəzi insanlar hesab edir ki, bu ideya baş tutmayıb. Lakin hesab edirəm ki, yaxşı misallar vardır və onlar yaxşı şəkildə nəzərdən keçirilməlidir ki, burada hər hansı bir bədbinlik olmasın. Multikulturalizm uçurum kimi qəbul edilərsə, bu dünyada yaşamağın başqa üsulu yoxdur. Çünki belə olmasa, xalqlar özlərini təcrid olunmuş vəziyyətdə hiss edəcəklər. Bu, nə iqtisadi, nə də sosial baxımdan mümkün deyildir. Buna görə, fikrimcə, Azərbaycanın, o cümlədən digər ölkələrin tarixi ənənələrinə əsaslanan müsbət misallar var ki, onlar təfərrüatlı şəkildə nəzərdən keçirilməlidir. Biz bu dəyərləri təşviq etməliyik. Bu da bizim vacib elementlərimizdən biridir ki, mən onları qeyd edirəm. Müsbət təcrübənin təşviqi bəzən bizim üçün çatışmır. Lakin, fikrimcə, dəyərlərin qorunması, qlobal siyasətdə müsbət meyllərin gücləndirilməsi üçün biz müsbət təcrübəyə diqqətimizi yönəltməliyik və bunu yaymalıyıq. Çünki bunun başqa bir yolu yoxdur ki, ölkələr gələcəkdə başqa yolla əməkdaşlıq etsinlər.

 Əminəm ki, Forum çərçivəsində bir çox maraqlı müzakirələr aparılacaq və gələcək inkişafla bağlı hökumətlər üçün tövsiyələr veriləcəkdir. Bu cür sessiyaların üstünlüyü ondan ibarətdir ki, məşhur siyasətçilər, keçmiş dövlət və hökumət başçıları öz fərdi təcrübələrini, biliklərini, ekspert bacarıqlarını çox açıq şəkildə bölüşə bilərlər. Çünki hazırkı və keçmiş prezidentlər və baş nazirlər arasındakı fərq ondan ibarətdir ki, hazırkı dövlət başçıları ictimaiyyət qarşısında söylədiyi şərhlərdə müəyyən çərçivə daxilindədirlər, məhdud imkanları vardır. Bəzi hallarda sən söylədiyindən də artıq danışmaq istəyirsən. Lakin keçmiş siyasətçilər hər hansı məsələ ilə bağlı fikir söyləməkdə azaddırlar. Onların bu söhbəti məhz bu tərəqqinin əldə edilməsi üçün vacibdir. Ona görə, əminəm ki, Forumumuzun əsas məqsədi tövsiyələr və təhlillər vermək, baş verənləri müzakirə etməkdir. Bu məqsəd bizə öz işlərimizi dinc şəraitdə davam etdirmək, şərəfli həyat tərzi sürmək və geniş şəkildə beynəlxalq əməkdaşlıq aparmaq imkanı yaradacaqdır.

 Hörmətli dostlar, Azərbaycana bir daha xoş gəlmisiniz! Forumun işinə uğurlar arzulayıram. Sağ olun.

X X X

İsmail SERAGELDIN: Sağ olun Zati-aliləri cənab Prezident!

Sizin olduqca ətraflı çıxışınıza görə Sizə təşəkkür edirik. Siz təbii ki, nitqinizin sonunda bizi xüsusi olaraq belə bir müdrik mövqedən çıxış edərək dəyərli tövsiyələrimizi tərtib və təqdim etməyə dəvət etdiniz. Buna görə Sizə minnətdarıq, biz buna da çalışacağıq.

Biz çox yaxşı anlayırıq ki, dostlarımız, həmkarlarımız ətrafımıza baxmalıyıq və bilməliyik ki, biz hansı regiondayıq, hansı ölkələrdəyik və hansı yerdə yaşayırıq. Biz bütövlükdə bəşəriyyət üçün ən yaxşı məqsədləri formalaşdırmalıyıq və gələn onilliklər və ondan sonrakı dövr üçün məhz inkişaf məqsədlərimizi müəyyən etməliyik. Bununla belə, biz real tərəqqiyə bu məqsədlər istiqamətində nail olmalıyıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Finlandiyanın keçmiş Prezidenti Tarya HALONEN dünyanın bir çox ölkələrinin sabiq dövlət və hökumət başçılarının bir yerə toplaşıb çox vacib müzakirələr aparmağa şərait yaradılması baxımından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə fəaliyyətini yüksək dəyərləndirdi, növbəti dəfə belə müzakirələrə şərait yaratdığına görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi. O, BMT çərçivəsində Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq ideal cəmiyyət yaratmaq istiqamətində Azərbaycanın nümunəsindən danışaraq dedi:

- Hörmətli Azərbaycan Respublikasının Prezidenti, hörmətli həmkarlarım, hörmətli dostlar!

Bu qədər çox sayda bu gün qonaqlarımız və dostlarımız qarşısında çıxış etməkdən şərəf hissi duyuram. Burada bütün həmkarlarımı təbrik edirəm ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu çərçivəsində əməkdaşlıq nəticəsində bu sayda keçmiş hökumət və dövlət başçılarını bir araya yığırıq və burada açıq cəmiyyətlər mövzusunda ümumi müzakirələr aparırıq.

Mən bu fürsətdən istifadə edərək ev sahibinə - Azərbaycan hökumətinə və təşkilatçılarına Bakı şəhərində bizə göstərilmiş gözəl, səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü bildirmək istəyirəm. Bizim bir çox dərin minnətdarlığımızı hamınız adından izhar edirəm.

Hörmətli dostlar, burada bizim qarşımızda duran vəzifə ondan ibarətdir ki, biz 2015-ci ildən sonra inkişafın hansı məsələləri barədə daha çox söhbət aparacağıq. Sizin qarşınızda etdiyim çıxışın əsas məqsədlərindən biri ondan ibarətdir ki, biz hamımız dərk etməliyik üzərimizə düşən məsuliyyət hansı dərəcədə olmalıdır. Gələcək illər ərzində biz bu məsuliyyəti necə icra etməliyik. Çünki BMT-nin Minilliyin Sammitində çox məşhur olan Minilliyin İnkişaf Məqsədləri qəbul edildikdən sonra biz bir çox işləri görmüşük. Bilirik ki, bizim üçün müəyyən mühit yaradılıb və bu mühitin əsas məqsədi məhz əməkdaşlıq olubdur. BMT çərçivəsində məhz dövlət və hökumət başçıları bəyan etdilər ki, onlar da bu minillik ərzində daha yaxşı cəmiyyətlər yaratmaq istəyirlər. Təbii olaraq bizim də qarşımızda eyni bir məqsəd var idi ki, biz öz gələcək nəsillərimiz üçün daha yaxşı cəmiyyəti, gələcəyi təmin etməliyik. Zənnimcə, biz buna müəyyən mənada nail ola bildik. Hətta onu qeyd edək ki, bəlkə də məqsədlərin hamısı hələ tam şəkildə icra olunmadıqda belə biz israrlıyıq, biz əzmkarıq. Biz istəyirik ki, bundan sonra da öz siyasi fəaliyyətimizlə bu məqsədlərə nail olunmasında, məsələn, təhsilin təmin edilməsində və digər vacib vəzifələrin həllində irəliyə doğru gedək. Bu gün ev sahibliyi edən məhz Azərbaycandır.

Azərbaycan son illər ərzində öz sürətli inkişafı ilə çox gözəl nümunələr göstərmişdir. Biz bilirik ki, Azərbaycanda yoxsulluq böyuk dərəcədə azaldılmışdır. Bu, 2012-ci ildə 6 faizə düşmüşdür. Bu da çox mühüm bir hadisədir. Biz bilirik ki, sizin bu sahədə qazandığınız uğurlar, verəcəyiniz məsləhətlər də digər ölkələr üçün dəyərli ola bilər. Ona görə, biz BMT çərçivəsində təqdim etdiyimiz proqramımızda göstərmişik ki, Minilliyin sonrakı inkişaf məqsədləri nədən ibarət olmalıdır. Bu haqda da söhbət aparmışdıq. Biz hazırda çalışırıq ki, bu proqramı yüksək səviyyədə təqdim edək. Bununla bağlı məhz İndoneziya Prezidenti ilə birgə çıxış edərək bu təşəbbüsü BMT-nin Baş Məclisinə təqdim etmişik. Biz istəyirik özümüz üçün müəyyən edək ki, gələcək üçün hansı işləri həyata keçirməliyik. Biz 19 əsas fəaliyyət sahəsini müəyyən etmişik. Ümidvarıq ki, qarşıdan gələn iyul ayında bu proqram qəbul olunduqdan sonra Baş Məclis çərçivəsində biz bunun icrasının hüquqi mexanizmləri haqqında düşünməli olacağıq. Burada əhatə olunan müddət əsasən 2015-ci ildən sonrakı dövrə aiddir. Biz bilirik ki, BMT bu sahədə aparıcı rol oynayır. BMT-nin əsas rolu ondan ibarətdir ki, aramızda müxtəlif məlumat mübadiləsini təmin edir. Lakin öz tərəfimdən əminliklə deyə bilərəm ki, hökumətlər, hökumət və dövlət başçıları vardır ki, onlar BMT-nin Baş Məclisində bu məsələni xüsusi olaraq dəstəkləməkdə maraqlı ola bilərlər. Biz isə öz tərəfimizdən onların bu fəaliyyətinin daha da düzgün istiqamətdə, sürətli şəkildə irəliyə doğru aparılmasına töhfəmizi verməliyik. BMT-nin baş katibi bütün xalqlara, millətlərə müraciət edərək xahiş etmişdir ki, onlar öz gələcəklərini düşünürsə bu yeni inkişaf məqsədlərinin formalaşdırılmasına töhfələrini versinlər.

Azərbaycan isə digər bir neçə ölkə ilə eyni mövqedən çıxış edərək 2015-ci ildən sonra inkişafın prioritetlərinin nədən ibarət olacağı ilə bağlı artıq öz töhfəsini verməyə razılıq vermişdir. Azərbaycan hökuməti artıq 2020-ci ilədək inkişaf proqramını qəbul etmişdir. Bu sənəddə məqsədlər aydın göstərilir. Həmin məqsədləri Minilliyin yeni inkişaf məqsədlərinə daxil etmək olar.

Tarya Halonen əsas siyasi, iqtisadi və humanitar fəaliyyət sahələrində reallaşdırılan layihələrdən danışdı və bu baxımdan Azərbaycanın növbəti illər üçün inkişafa xidmət edən konkret proqramlara malik olduğunu vurğulayaraq bildirdi:

- Azərbaycanın təbii sərvətləri, neft və qaz resurslarına sərmayə yatırılması nəticəsində geniş imkanlar yaradılmışdır. Biz, həmçinin bilirik ki, bu ölkədə neft və qaz gəlirlərindən səmərəli istifadə olunaraq iqtisadiyyatın digər sahələrinə də sərmayələr yatırılır. Cənab Prezident buradakı nitqində iqtisadi sektorun şaxələndirilməsini xüsusi vurğuladı. Bunun sayəsində iqtisadiyyatın informasiya texnologiyaları və digər sektorları da sürətlə inkişaf edəcəkdir. Bütün bu fikirlərdən çıxış edərək bildiririk ki, vətəndaşlarımızın rahat və təhlükəsiz həyatı vacib bir məqam kimi yenə də bizim gündəliyimizdə qalacaqdır. Ona görə də biz hesab edirik ki, bütün bunlar həyatımızın çiçəklənməsinə aparan əsas yollardan biridir. Davamlı enerji mənbələri 2015-ci ildən sonra da hamı üçün inkişaf məqsədlərinin bir hissəsi ola bilər.

Finlandiyanın keçmiş Prezidenti daha sonra Azərbaycanın BMT-nin insan kapitalına yüksək qiymət vermək ənənəsinə sadiq qalaraq gender siyasətini uğurla həyata keçirdiyini bildirdi. O, işsizliyin və yoxsulluğun aradan qaldırılması, ətraf mühitin qorunması, çevik enerji siyasətinin yerinə yetirilməsi, təbii sərvətlərin şaxələndirilməsi, alternativ enerji mənbələrindən istifadə olunması sahəsində Azərbaycanda atılan addımları hamı üçün faydalı nümunə kimi dəyərləndirdi.

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın keçmiş dövlət başçısı Vayra VİKE-FREYBERQA da dünyanı narahat edən məsələlərin müzakirəsi üçün bu Forumun keçirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Nizami sənətinin fövqəlbəşər olduğunu deyən Vayra Vike-Freyberqa onun əsərlərinin insanlığı ədalətə və humanizmə səsləyən motivlərlə zəngin olduğunu bildirərək dedi:

- Zati-aliləri hörmətli Prezident Əliyev.

Hörmətli Azərbaycan hökumətinin üzvləri, merlər, diplomatik korpusun nümayəndələri, mənim hörmətli həmkarlarım, keçmiş prezidentlər və keçmiş baş nazirlər, bir çox ölkələrin yüksək rütbəli nümayəndələri və Madrid Klubunun üzvləri.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu arasında qurduğumuz bu sistem, bu əməkdaşlıq mexanizmi çox məhsuldar işbirliyinin nümunəsidir. Biz bunu belə qiymətləndiririk. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir neçə il öncə yaradılmışdır. Məqsəd nədən ibarət idi? Bu böyük şəxsiyyətin əsrlər öncə yaşayıb yaratmış ideyalarını bütün dünyada təşviq etmək. Nizami ədəbiyyat şedevrləri yaratmışdır. Onun doğma şəhəri Gəncədə yaratdığı əsərlər Azərbaycan və bütün dünyanın mədəni irsinin vacib hissəsinə çevrilmişdir. Hesab edirik ki, bir halda Nizaminin əsərlərini, onun ideyalarını qəlbimizdə yaşadırıqsa və əgər onun irsinin davamçılarıyıqsa, biz onun yaratdıqlarından istifadə edib stereotiplərin aradan qaldırılmasına çalışmalıyıq. Nizaminin əsərlərinə, yazdığı şeirlərə fikir versək, görərik ki, onlar elə indinin özündə də aktualdır. Biz onu şairlikdən əvvəl məhz həyat ideyalarının, həyat dəyərlərinin formalaşmasına çalışan, bu istiqamətdə işləyən bir mütəfəkkir kimi qəbul etməliyik. O, bizim mədəniyyətimizin böyük simasıdır, qəhrəmanıdır. Onun bizim üçün yaratdığı və qoyub getdiyi irsə böyük hörmətlə yanaşmalıyıq.

Bu gün dünyanın müxtəlif yerlərində müxtəlif millətlər, xalqlar arasında dialoq məsələsi tez-tez səsləndirilir. Bizim Klubumuz bu məqsədlərdən biri uğrunda mübarizə aparır. Əslində biz 10 il öncə Madriddə Klubumuzu yaradanda, keçmiş Baş nazirləri və keçmiş dövlət başçılarını bir araya gətirəndə özümüz üçün bir sual verdik ki, biz demokratiyanı, xüsusən də müstəqilliyini yenicə qazanmış ölkələrdə bu demokratiyanı hansı şəkildə gücləndirməliyik? Ona görə, elm adamları da, elm dairələrinin mütəxəssisləri də o fikri yekdil şəkildə dəstəklədilər ki, siyasətçilər və alimlər, yüksək vəzifədə xidmət etmiş şəxslər öz ölkələrində bir çox islahatları həyata keçirmiş, prezidentlik səviyyəsinə çatmış insanlar kənarda qalmalı deyillər, onlar bir araya gəlməlidirlər, həyatlarının sonuna qədər bu təşkilat çərçivəsində fikir mübadiləsi aparıb öz təcrübələrini bölüşməlidirlər. Mən bu gün bu auditoriyaya baxdıqda görürəm burada elə insanlar əyləşiblər ki, onlar bəşəriyyətin gələcək inkişaf məqsədlərinə sadiq olan şəxslərdir. Onlar istəyirlər ki, daha yaxşı həyat qurulsun, dünya daha təkmil inkişaf etsin.

Dünyada stereotiplərin, yoxsulluğun, ayrı-seçkiliyin mövcudluğunu nəzərə alaraq bu problemlərin aradan qaldırılmasında bu cür tədbirlərin son dərəcə vacib olduğunu deyən xanım Freyberqa II Qlobal Açıq Cəmiyyətlər Forumunun artıq gözəl ənənəyə çevrildiyini xatırladaraq bildirdi:

- Bəzi hallarda görürük ki, bir çox xalqlar, millətlər bir çox qurbanlar verirlər. Çünki qətlə yetirilən bu insanlar öz ölkələrinin layiqli vətəndaşlarıdırlar və onlar yaşamaq hüququndan məhrum olurlar. Baxın, belə hadisələr XXI əsrdə baş verir. Bu, elə bir əsrdir və əslində biz böyük ümid bəsləyirdik ki, 2000-ci ildə Minilliyin İnkişaf Məqsədləri qəbul olunandan sonra belə hadisələr baş verməyəcəkdir. Lakin stereotiplər, ədalətsizlik, yoxsulluq, ayrı-seçkilik qalmaqdadır və bu hallar baş verir. Bu cür hallara biz diqqətli olmalıyıq. Biz öz töhfəmizi verməliyik ki, bu cür hallar aradan qalxsın. Təbii ki, saysız-hesabsız konfranslar keçirilir. Mən Prezident Əliyevə xüsusi təşəkkürümü bildirirəm ki, Cənubi Qafqazda dayanıqlı inkişafla bağlı ikinci regional Forumun keçirilməsinə öz dəstəyini verib və hazır olduğunu bildirib ki, təşkilati işlər aparıla bilər. Bu, əslində BMT-nin rəhbərliyi ilə həyata keçirilə biləcək bir tədbir ola bilər. Biz, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində bilməliyik ki, məqsədlərimiz hansı şəkildə və nədən ibarət ola bilər? Biz öz aramızda razılaşmaları məhz dialoq vasitəsilə tapmalıyıq. Biz bilməliyik ki, açıq cəmiyyətlərin qurulması nə deməkdir? Bu, dünya üçün hansı məna kəsb edir. Son 7 il ərzində məhz Madrid Klubu da sosial layihələr üzərində işləyibdir və bu irəliləyişin müxtəlif formalarını özü üçün müəyyən edibdir. Biz bununla bağlı səhiyyə sahəsində baş verən dəyişiklikləri də nəzərdən keçirmişik. Araşdırmışıq ki, görək nə qədər insan xəstəlikdən əziyyət çəkir.

Cənab Prezident İlham Əliyev Azərbaycanda sosial sahəyə yüksək dərəcədə diqqət yetirildiyini qeyd etdi. Biz Şimal ilə Cənub arasındakı münasibətləri təhlil etməliyik ki, görək bu sahədə fərqlər var, yoxsa yox? Şərq ilə Qərb arasında münasibətlər necədir? Necə etməliyik ki, bu dialoqdan istifadə edərək, hər iki tərəf arasında əlaqələri daha da gücləndirək? Hesab edirəm bu Forumun məqsədlərindən biri də o olmalıdır ki, biz yalnız konkret tövsiyələr irəli sürməklə kifayətlənməyək, çünki Madrid Klubu çərçivəsində bu iş görülür. Biz bilirik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də bu işdə fəal iştirak edir. Biz hamımız özümüz üçün müəyyən etməliyik ki, bu bir neçə gün ərzində bu tövsiyələrin həyata keçirilməsi üçün hansı üsulları təklif edə bilərik? Biz bunu BMT-yə də təqdim edə bilərik. Biz özümüz üçün müəyyən etməliyik ki, vətəndaş cəmiyyətlərimizi narahat edən məsələlər nədən ibarətdir? Biz bu işi davam etdirməliyik. Bu, çox vacibdir. Biz bütün dünyanı həvəsləndirməliyik ki, yaxşıya doğru dəyişsin. Belə olan halda biz, həmçinin bilməliyik ki, hansı istiqamətlər üzrə gedirik. Ona görə də 2015-ci ildən sonra müəyyən ediləcək məqsədlərə gəldikdə biz anlamalıyıq ki, keçmişdə hansı vəziyyətdə idik, hansı nailiyyətləri əldə etmişik və indi hansı yeni sahələri müəyyən edə bilərik? Bu halda bilməliyik ki, yaxşı nəticələr əldə etmək üçün biz hansı sahələrdə əməkdaşlıq apara bilərik?

Xanımlar və cənablar, mən sizə çox məhsuldar fikir mübadiləsi arzulayıram. Əminəm ki, sizin hər birinizin iştirakı bizim üçün dəyərlidir. Biz çox gözəl bilirik ki, sizin zəngin həyat təcrübəniz, müdrik fikirləriniz vardır.

Mən sizin təmsil etdiyiniz təşkilatlara hörmətimi bildirirəm. Biz elə bir ölkədə toplaşmışıq ki, burada rəy bildirilməlidir. Bu rəyə hörmətlə yanaşırıq. Bu Forumun məhz bu səpkidə keçəcəyinə əminəm. Mən sizin hamınıza təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyevə olduqca minnətdaram. Qonaqpərvərliyinə və bizim bu ideyalarımıza dəstək verdiyinə görə Prezidentə “çox sağ ol” deyirəm. Minnətdaram.

İsmail SERAGELDIN:

- Çox sağ olun, xanım Vayra Vike-Freyberqa. İndi isə biz artıq diskussiyalarımıza başlamaq üzrəyik. Mən xüsusilə Vayra Vike-Freyberqaya öz minnətdarlığımı bildirirəm ki, bu müzakirələr məhz Nizaminin Vətənində keçirilir, onun doğulduğu torpaqda baş tutur. Onun qoyub getdiyi irs bizi dəyişikliklərə sövq edir, bizi insan cəmiyyətinin bütün üzvlərinə xidmətə dəvət edir. Mən çox minnətdaram ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə birgə bu Forumu təşkil etmişik.

Xanımlar və cənablar, Forumumuzun müxtəlif sessiyaları olacaqdır. Bu sessiyalar sizi gözləyir. Biz bütün imkanları araşdırmalıyıq. Özümüz üçün müəyyən etməliyik ki, məhz həqiqət bizim hamımızın öz daxilindədir. Bu, bizi açıq cəmiyyətlərin inkişaf etdirilməsinə, qurulmasına həvəsləndirir. Biz bu yolları araşdırmalıyıq. Biz bu imkanları nəzərdən keçirməliyik. Belə olan halda biz əmin ola bilərik ki, mütləq istədiyimiz mənzilə yetişəcəyik.

Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli xanım sabiq Prezident Vayra Vike-Freyberqa, hörmətli xanım sabiq Prezident Tarya Halonen, bir daha çox sağ olun.

Bütün iştirakçılara “çox sağ olun” deyirik. Biz sizə bu iştirakınıza, töhfənizə görə minnətdarlıq.

X X X

Bununla da Forumun əsas plenar iclası başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq