MƏDƏNİYYƏT


Bakıda IV Beynəlxalq Teatr Konfransında müştərək layihələr müzakirə olunacaq

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 7-8-də Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Teatr və multikulturalizm” mövzusunda IV Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi – teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, həmçinin beynəlxalq teatr qurumlarının rəhbərləri iştirak edəcək. Konfrans çərçivəsində beynəlxalq teatr qurumlarına üzv olan Azərbaycan teatrlarının nümayəndələrinin həmin qurumların rəhbərləri ilə görüşləri təşkil olunacaq.

Beynəlxalq ASSİTEJ-ə üzv olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı konfransda iştirak edəcək 10 ASSİTEJ Milli Mərkəzinin prezidentləri ilə birgə görüş keçirməyi nəzərdə tutur.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans çərçivəsində baş tutacaq görüşdə qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüləcək işlər, müştərək layihələr müzakirə olunacaq.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən teatrlarda bir sıra treninq və seminarların keçirilməsi də planlaşdırılır. Həmin treninqlərdən biri Gənc Tamaşaçılar Teatrında “Aktyor sənətində improvizə” mövzusunda təlimçi-pedaqoq Andrey Sidelnikovun rəhbərliyi ilə baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.