ELM VƏ TƏHSİL
Bakıda IX Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisinin açılışı olub
Bakı, 9 oktyabr, İ.Əsədov, P.İmanova, AZƏRTAC
Oktyabrın 9-da “Bakı Ekspo Mərkəzi”ndə IX Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların və ictimaiyyət nümayəndələrinin, gənclərin iştirak etdikləri açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.
Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən nazir müavini bu sahənin inkişafı üçün reallaşdırılan layihələrdən və proqramlardan, Azərbaycanın təhsil sahəsində beynəlxalq əlaqələrindən və qazanılan uğurlardan danışıb.
C.Bayramov təhsil və karyera sərgisinin əhəmiyyətini diqqətə çatdırıb.
“Caspian Event Organisers” (CEO) şirkətinin baş direktoru Fərid Məmmədov beynəlxalq təhsil və karyera sərgisi barədə məlumat verib, bu sərgiyə marağın ilbəil artdığını bildirib.
Qeyd olunub ki, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin və digər qurumların dəstəyi ilə keçirilən təhsil və karyera sərgisində dünyanın 16 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Polşa, ABŞ, Qazaxıstan, İsveçrə, Macarıstandan 124 müəssisə - universitet, kollec və digər təhsil təşkilatları iştirak edir. Sərgidə iştirak edən ölkələrin təhsil proqramları barədə məlumatlar verilir. Sərgidə ilk dəfə iştirak edəcək xarici ali təhsil müəssisələri arasında İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Akademik S. P. Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu və digər təhsil müəssisələri var.
Eyni zamanda, sərgiyə Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, “CELT Colleges”, “F-Group Academy” və ölkənin bir sıra digər müəssisələri qatılıb.
Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur. Burada “Lukas-Nuelle”, “Sinam” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlığı, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunur.
Bu il “Azercell”, “Azersu”, "Azersun Holdinq", “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton” və digər şirkətlər neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edirlər. Ümumilikdə, sərgi çərçivəsində iş axtaranları mühasib, ofis meneceri, informasiya texnologiyaları mütəxəssisi, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağırış mərkəzinin əməkdaşı, energetika mühəndisi, elektrik, mexanik, avtomatika mütəxəssisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar gözləyir. Ziyarətçilər sərgidə məşğulluq üzrə məsləhət almaq, hətta sərgidə təmsil olunan şirkətlərin kadrlar şöbəsi əməkdaşlarının iştirakı ilə ilkin müsahibədən keçmək imkanına malikdirlər.
Tədbirdə Təhsil Nazirliyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Texnologiya Universiteti və “Caspian Event Organisers” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə tərəfindən imzalanıb.
Təhsil və karyera sərgisi çərçivəsində “Sifarişçiyə yönəldilən proqram” mövzusunda ikigünlük konfrans da təşkil olunub.
Beynəlxalq təhsil və karyera sərgisi oktyabrın 11-də başa çatacaq.