İQTİSADİYYAT
Bakıda IX “Securika CIPS 2016” sərgisi start götürəcək
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgisi keçiriləcək.
“İteca Caspian” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Securika CIPS 2016” regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgidir. Bu işgüzar fəaliyyət meydançasında tədbir iştirakçıları biznesin gələcək inkişafı naminə sahə mütəxəssisləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün unikal imkan əldə edirlər. Sərgi həm də bu sahənin inkişafı və mühüm strateji razılaşmaların əldə olunması üçün lazımi şərait yaradır.
Bu il “Securika CIPS 2016” sərgisində Azərbaycan, ABŞ, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən 16 şirkət iştirak edəcək. Nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları CCTV, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi vasitələri, smart kartlar, kimliyin müəyyən edilməsi texnologiyaları, turniketlər, girişə nəzarət sistemi və inteqrasiya olunmuş təhlükəsizlik sistemlərini nümayiş etdirəcəklər. Sərginin “Yanğın təhlükəsizliyi sistemləri” sektorunda mütəxəssislərin nəzərinə yanğın əleyhinə təhlükəsizlik sistemləri, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın datçikləri və detektorları, eləcə də yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim olunacaq. Sərgidə terror aktlarının qarşısını almaq üçün hazırlanmış və istənilən nəqliyyat vasitəsini dayandırmaq iqtidarında olan “Arma Kontrol” avtomatik tumbası, partlayış zamanı alov ilə təmasdan 3 saniyə sonra yanğının qarşısını alan “Elide” “alov kürəsi”, quruda və dənizdə tətbiq edilən, habelə ənənəvi yanğınsöndürmə sistemi ilə müqayisədə kifayət qədər cüzi su sərf edən “HI-FOG” nazik su şırnaqlı yanğınsöndürmə sistemi kimi bir sıra innovativ məhsullar təqdim edilir. Bu il “Securika CIPS” sərgisi “re-brendinq” prosesindən sonra ilk dəfə yeni brend kimi təqdim edilir. 2017-ci ildə sərginin adı da yenilənəcək və “ITE Group plc” şirkətinin təhlükəsizlik üzrə sərgi seqmentinə daxil olan digər beynəlxalq sərgilərə uyğun olaraq, “Securika Caspian” adlandırılacaq.