MƏDƏNİYYƏT


Bakıda I Beynəlxalq Çörək Festivalı keçirilib VİDEO

A+ A

Bakı, 20 oktyabr, T.Abdullayeva, A.İsmayılova, AZƏRTAC

Oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Milli Kulinarlar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə I Beynəlxalq Çörək Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycanın 24 şəhər və rayonu ilə yanaşı, Türkiyə, Özbəkistan, Qırğızıstan təmsilçiləri də qatılıblar. Festivalda bölgələr və ölkələr üzrə ayrılmış stendlərdə hər bir yer üçün xarakterik olan çörək və çörək məhsulları qonaqlara təqdim edilib. Tədbirdə Türkiyə 7, Özbəkistan 3, Qırğızıstan isə 5 növ çörəklə təmsil olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva kulinarları əlamətdar gün münasibətilə təbrik edib.

Beynəlxalq Kulinariya Gününün ölkəmizdə 2007-ci ildən keçirildiyini söyləyən S.Məmmədəliyeva bu il Azərbaycan kulinarlarının 10-cu dəfədir öz peşə bayramlarını qeyd etdiklərini vurğulayıb.

Bildirib ki, milli mətbəx qeyri-maddi mədəni irsin mühüm hissələrindən biridir. Dövlətimiz tərəfindən Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması, inkişafı, təbliği məsələlərinə xüsusi diqqət yetirilir. Bütün bunlar, əlbəttə ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ən yüksək səviyyədə dəstəklənməsi üçün qoymuş olduğu ənənələrin davamıdır. Prezident İlham Əliyev, Azərbaycan birinci xanımı Mehriban Əliyeva mədəni irsimizin, o cümlədən milli mətbəximizin qorunması və təbliği işinə böyük diqqət və qayğı ilə yanaşırlar. Ölkə xaricində təşkil olunan mədəni tədbirlərdə Azərbaycan kulinariyasının nümunələri mütləq şəkildə nümayiş etdirilir.

Nazir müavini dərin köklərə, qədim tarixə malik Azərbaycan mətbəx mədəniyyətinin hərtərəfli tədqiqi və dünyada tanıdılmasında Azərbaycan Milli Kulinariya Mərkəzinin, Milli Kulinarlar Assosiasiyasının fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edilib ki, bu gün ilk dəfə olaraq keçirilən festivalda respublikanın bölgələrinə və bir sıra xarici ölkələrə xas müxtəlif çeşidli çörək növləri və onların hazırlanması qaydaları təqdim edilir. Festivalın keçirilməsi əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliğinə, o cümlədən gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verəcəkdir.

S.Məmmədəliyeva deyib: “Turizm bazarının formalaşmasında kulinariya ənənələri əhəmiyyətli rol oynayır, hər bir ölkənin milli mətbəxi turistlərin diqqət mərkəzində olur. Tövsiyə edərdik ki, milli mətbəximizi nümayiş etdirən tədbirlər turistlərin çox olduğu yerlərdə, mərkəzi meydanlarda keçirilsin. Azərbaycanda qastronomik turizmin inkişafı üçün xarici yemək yazarlarının, bloqerlərin cəlb edilməsi, onların kulinariya ilə bağlı festivallara, müxtəlif regionlara mətbəx turlarına dəvət olunması müsbət nəticə verə bilər. Azərbaycanın mətbəxi və görməli yerləri haqqında təəssüratların sosial şəbəkələrdə, jurnal və qəzetlərdə işıqlandırılması, daha geniş auditoriyaya çıxışı və ölkəmizə marağın artması deməkdir”.

UNESCO-nun ənənəvi qida Komitəsinin sədri Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən bir il ərzində görülmüş işlərin hesabatını verib. Diqqətə çatdırıb ki, il ərzində qurum tərəfindən 15 böyük tədbir təşkil olunub. Qurum 25 yerli və 12 xarici tədbirdə iştirak edib. Altı beynəlxalq və bir yerli festival təşkil olunub. Kulinariyaya aid 3 kitab nəşr edilib. Kulinariya sahəsində fəaliyyət göstərən bir sıra insanlar mükafatlara və fəxri adlara layiq görülüblər. Hazırda Azərbaycan Milli Kulinariya Mərkəzinin, Milli Kulinarlar Assosiasiyasının dəstəyi ilə xaricdə tələbələr oxuyur.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva çıxış edərək qədim zamanlardan elin sərvəti, bolluq və bərəkət rəmzi sayılan çörəyə Azərbaycanda xüsusi münasibət olduğunu söyləyiblər. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərində milli mətbəximiz təbliğ olunur. Onlar festivalın keçirilməsini və Kulinariya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Milli mətbəximizin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya Azərbaycan Milli Mətbəx səfiri diplomu təqdim olunub.

Sonra festivalda iştirak edənlərə diplomlar verilib. Tədbirdə, həmçinin milli mətbəxin təbliğində fəal iştirak etmiş aşpazlara, kulinariyanın inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə media nümayəndələrinə, şirkətlərə diplomlar təqdim olunub. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də diplom alanlar arasındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.