İQTİSADİYYAT
Bakıda “İran–Proje 2016” ikinci ixtisaslaşmış sərgi keçirilir
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Bakı Ekspo Mərkəzində “İran–Proje 2016” ikinci ixtisaslaşmış neft-qaz, əczaçılıq, inşaat, texnika və avtomobil sahəsi üzrə sərgi keçirilir.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin belə sərgilərin artıq ənənəvi hal aldığını və Azərbaycanla İran arasında siyasi-iqtisadi əlaqələrin inkişafına layiqli töhfə verdiyini vurğulayıb. Səfir iki ölkə arasında ticarət dövriyyəsinin də ilbəil artdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, ilin sonunadək iqtisadi əlaqələrin daha da artması gözlənilir.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanla İran arasında münasibətlərin artıq yeni mərhələyə keçdiyini bildirib. Onun sözlərinə görə, respublikada İran kapitalı ilə 450-yə yaxın müəssisə çalışır.
Qeyd olunub ki, ölkələrimiz arasında olan tarixi, mədəni, dini əlaqələr artıq iqtisadi sahədə öz bəhrəsini verir. Yalnız bu ilin 7 ayında Azərbaycanla İran arasında ticarət dövriyyəsində 70 faiz artım olub.
Təqribən 2000 kvadratmetr ərazini əhatə edən sərgidə İranın 50–dən çox tanınmış şirkəti öz məhsullarını nümayiş etdirir.
Sərgidə həmçinin İranın turizm, kənd təsərrüfatı, bank və sığorta sahəsi ilə də tanış olmaq mümkündür.
Sərgi çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycan-İran biznes forumu da təşkil olunacaq.