MƏDƏNİYYƏT
Bakıda “İslam dini və Sülh” adlı sərgi açılıb
Bakı, 30 may, Ceyhun Alışlı, AZƏRTAC
Mayın 30-da İstiqlal Muzeyinin ekspozisiyasında “İslam dini və Sülh” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, İstiqlal Muzeyi və Azərbaycan Dövlət Din Tarixi Muzeyinin təşəbbüsü ilə təşkil edilən sərgidə rəssam Qumral Əhmədovanın 28 əsəri və Azərbaycan Dövlət Din Tarixi Muzeyinin fondunda saxlanılan 21 eksponat nümayiş olunur.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi və Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində reallaşan silsilə tədbirlərdən danışan çıxışçılar sözügedən sərginin bu qəbildən olduğunu diqqətə çatdırıblar.
Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmət olunduğunu deyən natiqlər bildiriblər ki, dövlətimiz nümunəvi dini müxtəliflik modelinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmır, bunu həmişə yüksək qiymətləndirir.
Vurğulanıb ki, bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda, bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini-fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə söylədiyimiz fakt deyil, həm də mütərəqqi dünyanın, beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov “İslam Həmrəyliyi İli” çərçivəsində təmsil etdiyi qurumun üzərinə xüsusi bir missiyanın düşdüyünü qeyd dərək söyləyib ki, müxtəlif dövlət qurumları və ictimai təşkilatlarla bu istiqamətdə müvafiq işlər görülür, tədbirlər təşkil olunur. Dinimizin əsas qayəsinin sülhə çağırış olduğunu deyən V. Məmmədov bildirib ki, məhz bu ideyaya görə İslam irqindən, dinindən və dilindən asılı olmayaraq insanların tam bərabərhüquqlu yaşamasının tərəfdarıdır. Bu baxımdan sərginin də belə mövzuları özündə ehtiva etdiyinə toxunan komitə rəsmisi tədbirin təşkilini yüksək qiymətləndirib, əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra qonalar bir həftə davam edəcək sərgi ilə tanış olublar.
Tədbir Respublika Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan “İslam ölkələrinə səyahət” adlı kompozisiya ilə davam edib.