CƏMİYYƏT
Bakıda “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda konfrans keçirilib
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 17-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, dinşünaslar, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər iştirak ediblər.
Tədbirdə dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, bu meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolu, eyni zamanda, müvafiq sahədə kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması barədə müzakirələr aparılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov konfransda çıxış edərək dini radikallığa meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolundan danışıb. Sədr müavini İslam həmrəyliyinin irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səslədiyini bildirib.
Gündüz İsmayılov Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməklə İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdiyini diqqətə çatdırıb. O, eyni zamanda, vurğulayıb ki, respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. İslam dininin adından çıxış edən radikal, ekstremist qruplaşmalar törətdikləri münaqişələr və qarşıdurmalarla maraqlı dairələrin dəyirmanına su tökürlər. Bununla da onlar İslamın terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaradırlar. Bu cür xoşagəlməz hadisələr bütün dünyada islamofobiya meyillərini artırmaqla yanaşı, İslam dünyası əleyhinə kampaniyalara səbəb olur.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev dövlət-din münasibətlərinin mövcud durumunun cəmiyyətdə mənəvi sabitliyin göstəricisi olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin tolerantlıq prinsiplərinə, multikultural ənənələrə bu gün də sadiq qalmasının göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev məruzəsində “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbulunun ölkəmizdə dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən etdiyini, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirmək məqsədindən irəli gəldiyini bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, həmçinin ənənəvi İslam anlayışının mahiyyətindən danışıb.
Sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.