MƏDƏNİYYƏT
Bakıda İtaliyanın məşhur geyim markaları nümayiş olunur
Bakı, 3 noyabr, Flora Şükürova, AZƏRTAC
Noyabrın 3-də “Landmark Rotunda” otelində İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “İtalyan festivalı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo və İtaliya Ticarət Agentliyinin (İTA) ölkəmizdəki nümayəndəliyinin direktoru Luici Daprea çıxış edərək bu tədbirin bir sıra italyan istehsalçılarının məhsulları ilə tanış olmağa və iki ölkə arasında ticarət əlaqələrinin gələcək inkişafına imkan yaradacağına əminliklərini ifadə ediblər.
“Dünya italyan dili həftəsi” çərçivəsində təşkil olunan tədbir İtaliyanın məşhur geyim, ayaqqabı, zərgərlik və mebel məhsullarını Azərbaycanda təmsil edən yerli şirkətlərin iştirakı ilə reallaşdırılıb.
İki gün davam edəcək tədbirdə geyim, ayaqqabı və zərgərlik brendlərinin moda nümayişi, italyan şərablarının dequstasiyası və konsert proqramı nəzərdə tutulur.
Qeyd edək ki, gün ərzində Azərbaycan şirkətlərinin stendlərində italyan markaları nümayiş olunub.