MƏDƏNİYYƏT


Bakıda “Jara”, Soçidə “Rojdestvo na Roza Xutor”

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Bakıda keçirilən “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı Azərbaycanın və Rusiyanın mədəni həyatında əlamətdar hadisə oldu. Tanınmış müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun təşkilatçılığı ilə keçirilən festivalın 500-dək qonağı olub.

Harada musiqi var, orada sevgi və dostluq da var

Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Emın, Aleksey Vorobyov, “MBAND”, Potap və Nastya dueti, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli, Burito, “A-DESSA” qrupu, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iki gün ərzində musiqisevərlərə ən gözəl anlar bəxş ediblər. Musiqiçilərin qırmızı xalının üstündən keçərək pərəstişkarları ilə fotolar çəkdirməsi, tamaşaçılarla sıx ünsiyyət, çıxışların alqışlarla qarşılanması, müğənnilərin səmimi hisslərini elə səhnədəcə ifadə etməsi, təəssüratlarını bölüşməsi “Jara” festivalından hər kəsin qəlbinə hərarət yayıldığını nümayiş etdirirdi. Rusiya estradasının kralı Filip Kirkorovun mətbuat konfransında söylədiyi “Harada musiqi var, orada sevgi və dostluq da var” fikrini festivalın hər məqamında müşahidə etmək olurdu.

Xeyirxah ənənənin təməli

Festivalın qonaqları təkcə şou-biznesin veteranları deyil, həm də ifaçılıq sənətinə yenicə qədəm qoyan gənclər olub. Bu baxımdan KİV-lər festivalı həm də xeyirxah ənənənin təməli kimi qiymətləndirib. Məqalələrdə bildirilib ki, festivalın birinci günü Qriqori Lepsin təqdim etdiyi Romadinin, eləcə də digər gənc müğənniləri tamaşaçılar hərarətlə alqışlayıblar. Bu isə onların yaradıcılığına stimul verir. Qriqori Leps müsahibələrindən birində deyib: “Musiqi festivalı təkcə musiqi aləmində deyil, ümumiyyətlə, dünyada vacib rola malikdir. Bu cür irimiqyaslı musiqi bayramını təşkil etmək heç də asan deyil. Bildiyiniz kimi, Soçidə “Rojdestvo na Roza Xutor” qış festivalı keçirilir. Çox şadam ki, indi Bakıda da “Jara” festivalı var. Ümidvaram ki, festival davamlı və parlaq olacaq, hamımızı bir araya gətirəcək. Mən sərhəd tanımayan musiqini dəstəkləyirəm”. 

Hər bir artist bu festivalda iştirakı ilə fəxr edəcək

“Jara” festivalı istər musiqi ictimaiyyətində, istərsə də KİV-lərdə böyük əks-səda doğurdu. Təsadüfi deyil ki, Rusiyanın 70-dək nüfuzlu KİV-i, o cümlədən “Lifenews”, “Woman”, “7days”, “Hello”, “Starhit”, “Love Radio”, “Radio Dacha”, “Woman’s day”, “OK!”, “Peopletalk”, “Komsomolskaya pravda”, eləcə də sosial şəbəkələr bu festivaldan söz açdı. Bu materiallar bütün nəşrlərin ilk səhifələrində, baş xəbərlərdə, sosial şəbəkələrdə dünyaya səs saldı. Festivalın ikinci günü qırmızı xalının üstündən keçən Nikolay Baskov jurnalistlərə müsahibəsində deyib: “Gələn il festivalın qonaqlarının sayı daha da çox olacaq və hər bir artist bu festivalda iştirakı ilə fəxr edəcək”. 

Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənən və uğurla keçirilən “Jara” festivalı daha bir beynəlxalq mədəni tədbir kimi tarixə düşdü. Bu möhtəşəm festivalın baş tutması Azərbaycanın bu cür tədbirləri keçirmək üçün geniş imkanlarını bir daha nümayiş etdirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.