İQTİSADİYYAT


Bakıda “Kəndimiz” kənd məhsulları bazarının açılışı olub VİDEO

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

Avqustun 27-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında “Kəndimiz” kənd məhsulları bazarının açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyinin getdikcə artdığını, bu sahədə bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir müavini qeyd edib ki, məqsəd kənd təsərrüfatının inkişafına nail olmaq, əhalini daxili istehsal hesabına kənd təsərrüfatı məhsulları ilə təmin etmək və ölkəmizi ixracyönümlü aqrar sahədə kənd təsərrüfatı ölkəsinə çevirməkdən ibarətdir. “Hesab edirəm ki, biz kənd təsərrüfatı istehsalında dinamik inkişafa nail olmaqdayıq. Əhali daxili istehsal hesabına əksər məhsullarla təmin olunur. Ötən ilə nisbətən bu il ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı üzrə 2,6 faiz, taxıl yığımında ötən ilə nisbətən 2 faiz, buğda istehsalında isə 10 faiz inkişafa nail olmuşuq. Bütün bunlarda məqsəd ölkədə əhalini ucuz, keyfiyyətli, ekoloji kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir”, - deyə İ.Quliyev bildirib.

Qeyd olunub ki, Bakıda 5 rayonda, eləcə də, Sumqayıt şəhərində və Abşeron rayonunda kənd təsərrüfatı yarmarkaları təşkil olunur. Yarmarkalar 2006-cı ildən fəaliyyət göstərir.

Bazarın müdiri Kamal İbrahimov deyib ki, 10 min kvadratmetr sahədə yaradılmış alış-veriş mərkəzində fermerlər və alıcılar üçün hər bir şərait yaradılıb. Burada həm məhsulların qiymətlərinə, həm də keyfiyyətinə tam nəzarət edilir. Onun sözlərinə görə, bazarda 400-ə yaxın piştaxta yerləşdirilib, 50-yə yaxın mağaza açılıb. Həmçinin ət kəsimi məntəqəsi, eləcə də 300 avtomobil üçün dayanacaq təşkil olunub.

Bazar gündəlik fəaliyyət göstərəcək. Fermerlər burada ödənişsiz öz məhsullarını sata biləcəklər. Bazarda məhsulların keyfiyyətinə Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar və baytarlıq xidmətləri tərəfindən gündəlik nəzarət ediləcək.

Sonra nazir müavini bazara baxış keçirərək, məhsulların qiyməti ilə maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.