MƏDƏNİYYƏT
Bakıda “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu keçiriləcək
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 30-31-də Bakıda “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, Oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı, şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunur.
Kollokviumda “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı məqsədi ilə cari ildə keçirilməsi planlaşdırılan geniş tədbirlər planının müzakirəsi nəzərdə tutulur.
Azərbaycanla yanaşı, Avropa ölkələrindən, Türkiyədən məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin, araşdırmaçıların iştirak edəcəyi tədbir çərçivəsində müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetində təşkil olunacaq. Bundan əlavə, “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul ediləcək.