MƏDƏNİYYƏT
Bakıda “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” mövzusunda elmi konfrans keçirilib
Bakı, 5 may, Ceyhun Alışlı, AZƏRTAC
Mayın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar kitabxanada Ulu Öndərə həsr edilmiş “Böyük şəxsiyyətinin kitab sərgisi” adlı sərgi ilə tanış olublar. Sərgiyə nümayiş olunan 250-dək kitablar arasında Ümummilli Liderin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar da yer alıb.
Konfransın plenar iclasında Heydər Əliyevin 1995-ci il iyunun 3-də Milli Kitabxanadakı çıxışından hazırlanmış videoçarx təqdim edilib.
Daha sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, 1993-cü ildə Azərbaycanda yaranan mürəkkəb tarixi şərait nəticəsində respublikanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz bu dövrdə Ulu Öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı elmimizi, mədəniyyətimizi dağılmaqdan xilas etdiyi kimi, kitabxanaların da məhvinin qarşısını aldı. Diqqətə çatdırılıb ki, Ulu Öndər kitabxananı bütün cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırırdı. Ümummilli Liderin müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addımı ölkənin kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasıdır. Bu gün xalqımızın böyük şəxsiyyəti Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkədə kitabxana işinə olan qayğısından danışan nazir müavini, dövlətimizin başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamını xüsusi vurğulayıb.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva çıxış edərək Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən mədəni-elmi bərpa və quruculuq işlərindən, dahi rəhbərin cəmiyyətimizin həyatındakı yorulmaz xidmətlərindən bəhs edib.
Vurğulanıb ki, Heydər Əliyevin kitabxana işinin formalaşmasındakı fəaliyyəti misilsiz əhəmiyyətə malikdir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək Ulu Öndərin həyat yolunun, onun zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, hər zaman kitaba və kitabxana işinə xüsusi diqqət ayıran Heydər Əliyev, bu sahənin inkişafı üçün bütün lazımi addımları atıb.
Sonra K.Tahirov “Gələcəyə çağırış və kitabxana fəaliyyətinin əsas istiqamətləri: prioritetlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Mədəniyyət və İncəsənət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Milli Kitabxananın direktoru Tahir Kərimov və Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva imzalayıb.
Bundan başqa, konfransda “XXI əsrin informasiya məkanında oxuculara xidmətin əsas istiqamətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi”, “Elektron kitabxanaların inkişafı: problemlər və perspektivlər”, “Kitabxanaçı kadrların peşəkarlığının artırılması yolları: müasir vəziyyəti və perspektivləri”, “İnformasiyalaşdırılmış cəmiyyətdə kitabxanaçılıq fəaliyyətində və təhsilində innovativ dəyişikliklər”, “Mütaliə problemləri və elektron kitabxana”, “İnformasiya cəmiyyəti və mütaliə” və s. mövzularda məruzələr dinlənilib.