İQTİSADİYYAT


Bakıda “Logistika və Ticarət” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 15 iyul, Elvin Camalov, AZƏRTAC

İyulun 15-də “ADA” Universitetində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” çərçivəsində ictimai müzakirələr silsiləsindən “Logistika və Ticarət” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Respublikasının Prezidentinin İqtisadi islahatlar üzrə Köməkçisi Xidməti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC birgə təşkil edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru Taleh Ziyadov müzakirəsi aparılan mövzunun əhəmiyyətini vurğulayıb. O deyib: “Ələtdə yaradılan “Azad Ticarət Zonası” qeyri-neft sektorunun inkişafına yönələn ən iri layihələrdən biridir. Bakı Azərbaycanın ətrafında olan bir çox liman mərkəzlərini özündə birləşdirəcək”.

T.Ziyadovun sözlərinə görə, tranzit daşımalar görülən işin əsasını təşkil etsə də uzun müddətli olmaya bilər. Bunun üçün qeyri neft sektorunun inkişafına yönələn layihələr əvəzsiz rol oynayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi özünün həlledici bir məqamına daxil olub. Strateji yol xəritəsində həm 2016-2020-ci illər, həm 2025-ci illərə qədər olan baxış, həm də 2025-ci ildən sonrakı dövr əhatə olunur. Qeyd edib ki, hər bir dövr üzrə logistika və ticarət ilə bağlı strategiyanın işlənməsinin böyük əhəmiyyəti var.

V.Qasımlı bildirib ki, Azərbaycan birbaşa dənizlərə çıxışı olmayan bir ölkədir. Ölkəmiz həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində çox ciddi bir infrastruktura sahibdir.

“Hazırda bu infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu sahəyə dövlət və özəl investisiyalar cəlb edilir. Azərbaycan öz tərəfdaşları – Gürcüstan, Qazaxıstan, Türkiyə, Rusiya və İranla tariflərin sadələşdirilməsi, prosedurların uyğunlaşdırılması və sayının azaldılması istiqamətində koordinasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bunlar nəticə etibarı ilə Azərbaycanın nəqliyyat logistika mərkəzinə çevrilməsinə zəmin yaradır. Azərbaycan kimi ikinci bir ölkə yoxdur ki, okeana çıxışı olmadığı və kiçik əraziyə sahib olduğu halda nəqliyyat logistika mərkəzi olsun. Bu Azərbaycanın üstünlüyüdür və ölkəmiz bundan qazanc əldə edəcək”, - deyə V.Qasımlı vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov deyib ki, ölkəmizin vaxtında iri layihələrə qoşulması hazırda ona iqtisadi regional sahədə böyük üstünlüklər verib. Tranzit və logistika mərkəzinin yaradılması da makroiqtisadiyyat və qeyri-neft sektoruna investisiya cəlbinin elementidir.

Maliyyə nazirinin müavini Emin Hüseynov bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorundan biri logistika və ticarətdir. Bu sahəyə xüsusi önəm ayrılmalıdır. Hazırda həmin istiqamətlərdə işlər görülür, planlar hazırlanır. “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizi Azərbaycanın regionda potensialını daha da artıracaq, eyni zamanda xarici şirkətlərin investisiya cəlbinə səbəb olacaq. Bununla da qeyri-neft sektorunun inkişafı sürətlənəcək.

Daha sonra “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktor müşaviri İlham Mehrəliyev “Qabaqcıl beynəlxalq təcrübə” və İstismar Departamentinin müdiri Euqene Seah “Qabaqcıl beynəlxalq təcrübə” Sinqapur təcrübəsi mövzularında təqdimatla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.