SİYASƏT


Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclası keçirilib [YENİLƏNİB] VİDEO

A+ A

Növbəti iclasın da Azərbaycanda keçirilməsi təklif olunub

Bakı, 16 noyabr, Laçın Sultanova, AZƏRTAC

Noyabrın 16-da Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, İnformşuranın sədri, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey MİXAYLOV Şuranın XXII iclasının Heydər Əliyev Mərkəzində keçirilməsi üçün yaradılan gözəl şəraitə və yüksək təşkilatçılığa görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a təşəkkürünü bildirib.

TASS-ın baş direktoru Azərbaycanın ev sahibliyi etdiyi Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və İnformşuranın XXII iclasının gündəliyində duran məsələlərin yeni çağırışlarla üzləşən medianın inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.

İnformşuranın fəaliyyətindən, qurumun 2016-cı ildəki işi və Birlik məkanında informasiya sahəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi üzrə 2017-ci il üçün planlarından danışan S.Mixaylov Minskdə “Gələcək naminə tərəfdaşlıq” mediaforumu çərçivəsində keçirilən “Belarusda KİV” adlı sərgi, “Xabar” və “BELTA” informasiya agentlikləri tərəfindən MDB nümayəndələri üçün həyata keçirilmiş press-turlar üzərində xüsusi dayanıb. Sergey Mixaylov informasiya mübadiləsini təkmilləşdirməyin zəruriliyi, bu prosesdə İnformşuranın rolu barədə ətraflı danışıb.

İnformşuranın sədri deyib ki, iclasın gündəliyində bir neçə layihə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin sərgisinin təşkili, 2017-ci ildə Soçidə Gənclərin və Tələbələrin Festivalının keçirilməsinə dəstək layihələri ilə bağlı məsələlər yer alıb.

İştirakçıları salamlayan AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV diqqətə çatdırıb ki, İnformşuranın iclası üç dəfə Bakıda keçirilib. AZƏRTAC Birliyin iştirakçısı olan ölkələrin informasiya agentlikləri ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Biz dostlarımızı Bakıda qəbul etməyə həmişə şadıq.

Baş direktor bildirib ki, MDB çərçivəsində informasiya sahəsində tərəfdaşlıq xalqlarımız arasında əlaqələrin inkişafında, dostluq münasibətlərinin möhkəmlənməsində, humanitar əməkdaşlıq sahəsində qarşıya qoyulan vəzifələrin həllində aparıcı yerlərdən birini tutur. İnformşuranın təşəbbüsü ilə agentliklərimiz tərəfindən indiyədək həyata keçirilən birgə layihələr məhz bu dəyərlərin qorunması, xalqlarımızın mədəniyyəti və turizm imkanlarını bir-birinə daha yaxından tanıtmasına yönəlib. Belə layihələr hər il reallaşdırılır və bizim sıx əməkdaşlıq, dostluq əzmimiz media sahəsində əlaqələrimizi davam etdirmək üçün kifayət qədər güclü səbəb olaraq qalacaq.

İnformşuranın növbəti iclasının dünya xəbər agentlikləri üçün əlamətdar olan V Konqres çərçivəsində baş tutduğunu diqqətə çatdıran A.Aslanov deyib: “Bildiyiniz kimi, Dünya Xəbər Agentlikləri Konqresi ilk dəfə TASS-ın təşəbbüsü ilə 2004-cü ildə Moskvada təşkil edilib. Şadıq ki, AZƏRTAC da dünya səviyyəli bu tədbirə ev sahibliyi edən və hamımız üçün əhəmiyyətli olan ənənəni yaşadan agentliklər sırasındadır. Xüsusi olaraq V Konqresin və eyni zamanda, OANA-nın XVI Baş Assambleyasının Bakıda keçirilməsi ilə bağlı TASS-ın göstərdiyi dəstəyə görə rusiyalı həmkarlarımıza təşəkkürümüzü bildiririk”.

Yeni texnologiyaların sürətli inkişafı dövründə medianın fəaliyyətinin də ciddi dəyişikliklərə uğradığını söyləyən baş direktor deyib ki, informasiya əldə edilməsi və yayılması mexanizmləri artıq yalnız xəbər agentliklərinin prioriteti deyil. Sosial media və texnologiyaların yaratdığı imkanlar: geniş auditoriyaya çıxış, onlayn videoyayım, mobil qurğular və bir çox texnoloji imkanlar bloggerlər, sosial jurnalistlər və adi istifadəçilər qismində saysız-hesabsız xəbər mənbələri yaradır. Təqdirəlayiqdir ki, agentliklərimiz bu çağırışlara vaxtında və yüksək səviyyədə cavab verir, peşəkarlıq ənənələrini qorumaqla yeni imkanlardan geniş yararlanır. Sözsüz ki, istənilən dövrdə xəbər agentliyinin hazırlayıb yaydığı məlumatlar daha çox etimad və etibar qazanacaq. Peşəkarlıq və müasir imkanların birləşməsi daha keyfiyyətli xəbər məhsullarının istehsalına şərait yaradır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) 2017-ci ildə qurumun humanitar fəaliyyəti barədə fotosərginin təşkil edilməsinə dair layihənin təqdimatı ilə BQXK-nın Rusiya Federasiyası, Belarus və Moldovada regional nümayəndə heyətinin direktor müavini Qotye LEFEVR çıxış edib. O, dünyanın 80-dən çox ölkəsində işləyən bu təşkilatın fəaliyyəti barədə danışıb. Direktor müavini deyib ki, Moldovada və Belarusda keçirilməsi planlaşdırılan sərgi XX və XXI əsrlərin humanitar fəlakətlərini əhatə edəcək. Sərginin əsas devizi belə olacaq: “Hətta müharibədə də bir-birinin dərdinə şərik olma üsulları var”.

MDB İcraiyyə Komitəsinin şöbə müdiri İqor QRİQORYEV İcraiyyə Komitəsinin və Birliyin digər orqanlarının 2016-cı ildəki fəaliyyətinin bəzi yekunları və 2017-ci ildə MDB məkanında gözlənilən ən mühüm hadisələr barədə danışıb. O, daimi fəaliyyətdə olan internet-platformanın hazırlandığını bildirib və hamını bu platformanın yenilənməsində fəal iştirak etməyə çağırdı. İqor Qriqoryev 2017-c il üçün planlardan söhbət açaraq deyib ki, energetika məsələlərinə xüsusi diqqət ayrılacaq. Gələn il “Ailə ili” elan ediləcək. 2017-ci ildə MDB-nin mədəni paytaxtı isə Gəncə şəhəri olacaq.

İclasda iştirak edən TASS agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN Azərbaycanın qədim Gəncə şəhərini təbliğ etmək üçün İnformşuranın növbəti iclasını bu şəhərdə keçirməyi təklif edib. İnformşuranın iclasının Gəncədə keçirilməsi barədə MDB Katibliyi qarşısında vəsatət qaldırmaq qərara alınıb.

İnformşura və MDB Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA) çərçivəsində layihələrin həyata keçirilməsi barədə TASS agentliyinin MDB və Baltik ölkələri sektorunun rəhbəri Boris QRUŞİN məlumat verib. O xüsusi vurğulayıb ki, ANİA-nın saytında mütəmadi olaraq AZƏRTAC-ın informasiyaları yer alır. B.Qruşin saytda MDB əlamətdar tarixləri təqviminin yaradılması barədə məlumat verib və hamını öz ölkəsinin mədəniyyətini həmin saytda təbliğ etməyə çağırıb.

Belarusun BELTA agentliyinin baş direktorunun müavini xanım Marta ÇVEY agentliklərarası informasiya mübadiləsinin testləşdirilməsinin nəticələri barədə danışıb.

İnformşuranın XXII Bakı iclasında 2017-ci ildə Soçidə keçiriləcək Gənclər və Tələbələr Festivalına informasiya dəstəyi məsələsi də müzakirə edilib. Mixail Qusman xatırladıb ki, keçmiş Sovet İttifaqında iki dəfə - 1957-ci və 1982-ci illərdə gənclər festivalları keçirilib. O, bütün agentliklərə təklif edib ki, özlərinin həmin dövrə aid arxivlərini öyrənsinlər, bu tədbirlərin iştirakçılarını tapsınlar və öz stendlərini hazırlasınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.