İQTİSADİYYAT


Bakıda MDB-nin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası keçirilib VİDEO

Bakı, 14 iyun, Elvin Camalov, AZƏRTAC

İyunun 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev gömrük orqanlarının iqtisadi təhlükəsizliyin təminatı, büdcə proqnozunun icra olunması, ticarətin asan və sürətli həyata keçirilməsi, gömrük statistikasının aparılması, qaçaqmalçılığa qarşı mübarizə kimi vacib funksiyaları yerinə yetirdiyini bildirib, dövlətlər üçün xüsusi önəm daşıyan bu funksiyaların qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB üzv dövlətlərin gömrük xidməti rəhbərləri ilə görüşünü xatırladan Aydın Əliyev ölkə başçısının MDB-nin ölkəmiz üçün vacib qurumlardan biri olduğu və bu qurum çərçivəsində real əməkdaşlıq əlaqələri həyata keçirildiyinə dair fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin tədbirin yüksək səviyyədə hazırlanmasına, qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, eləcə də Dövlət Gömrük Komitəsinin rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

MDB İcraiyyə Komitəsinin sədri Segey Lebedev təmsil etdiyi qurumun ötən il 25 illik yubileyinin qeyd edildiyini, bu müddət ərzində mövcud çətinliklərə baxmayaraq qurum çərçivəsində müxtəlif sahələr üzrə bərabərhüquqlu dialoqun və əməkdaşlıq münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb.

İclasda mövcud gömrük qanunvericiliyi və onun tətbiqi praktikasının təkmilləşdirilməsinə dair bir sıra aktual məsələlər müzakirə olunub. Şura bir sıra Sazişlərin müddəalarının dəyişdirilməsinə yönəlmiş sənədləri təsdiq edib. Xüsusilə, gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il Sazişinə düzəlişlər qəbul edilib. Bu düzəlişlər gömrük xidmətlərinin müraciətlərinə əsasən informasiya mübadiləsinin təşkilinə aiddir. Bu cür mübadilə mərkəzi gömrük orqanları arasında olduğu kimi, bilavasitə ərazi gömrük orqanları arasında da mümkün olacaq.

Azad ticarət zonasının yaradılması haqqında 1994-cü il 15 aprel Sazişinin bir sıra MDB iştirakçısı olan dövlətlər üçün qüvvədən düşməsi ilə əlaqədar olaraq, azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında daşınan malların gömrük qeydiyyatı və gömrük nəzarətinin qaydaları haqqında 1999-cu il 8 oktyabr Sazişinə və MDB üzv olan dövlətlərin ərazisində tranzit qaydaları haqqında 1999-cu il 4 iyun Sazişinə dəyişikliklər edilməsi haqqında protokol layihələri təsdiq olunub.

Şuranın qərarı ilə, MDB gömrük orqanlarında risklərin idarə olunması sisteminin reallaşdırılması və daha da təkmilləşdirilməsinə vahid yanaşmaların bərqərar edilməsi məqsədilə MDB üzv dövlətlərin gömrük orqanlarının fəaliyyətində risklərin idarə olunması sisteminin tətbiqinin Nümunəvi qaydası təsdiq edilib. Sənəddə risklərin idarə olunması sisteminin əsas məqsədləri, vəzifələri, quruluş prinsipləri, risk təhlilinin obyektləri, risklərin idarə olunması sisteminin elementləri, risklərin minimallaşdırılması mexanizmi, həmçinin malların buraxılışından əvvəl və sonra risk profilləri və indikatorları layihəsinin hazırlanmasında və nəzərdən keçirilməsində gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyət qaydası müəyyən olunub. MDB iştirakçısı olan dövlətlərin gömrük xidməti rəhbərləri Malların təsviri və kodlaşdırılmasının harmonikləşdirilmiş sisteminin 6-cı nəşrinə verilmiş İzahların rusdilli versiyasının I və II cildlərini təsdiq edib, həmin İzahların rusdilli versiyasının III-V cildlərinin hazırlanması üzrə işin davam etdirilməsi ilə bağlı tapşırıq veriblər. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətinin vahid Əmtəə nomenklaturasına dəyişikliklər də təsdiq olunub.

MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclasının 2017-ci ilin IV rübündə Qırğızıstan Respublikasında keçirilməsi qərara alınıb.

İclas Çərçivəsində Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin rəhbərləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev Rusiya Federasiyası Federal Gömrük Xidmətinin “25 illik Yubiley” medalı ilə təltif olunublar.

Daha sonra “Azərbaycan Respublikası – Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiya) arasında Protokol”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb. Protokolları Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Qırğızıstan Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidmətinin rəhbəri Azamat Süleymanov tərəfindən imzalanıb.

Şuranın iclası çərçivəsində, həmçinin “Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, “Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikasına dair məlumatların müqayisəsi zamanı qarşılıqlı fəaliyyət qaydası haqqında Protokol” imzalanıb. Protokolları Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muydjon Toxiriy və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin rəisi Abdufatohi Qoib imzalayıb.

Sonda iclasın keçirildiyi salonda Azərbaycan gömrük xidmətinin fəaliyyəti dövründə qaçaqmalçılardan aşkar etdiyi müxtəlif dövrlərə aid tarixi əsərlərdən ibarət sərgiyə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.