CƏMİYYƏT


Bakıda MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası keçirilib VİDEO

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Bakıda MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 41-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda MDB Antiterror Mərkəzinin və İcraiyyə Komitəsinin rəhbərliyi iştirak edib. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün SORB üzvlərinin qərarı ilə Almaniya, İtaliya, Fransa və İspaniyanın müvafiq strukturlarının məsul vəzifəli nümayəndələri də müşahidəçi qismində tədbirə qatılıblar.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Heydər Əliyev Mərkəzində də olan iştirakçılara dünya memarlığının nadir incilərindən sayılan bu mərkəz haqqında ətraflı məlumat verilib. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi qonaqların böyük marağına səbəb olub.

Sonra MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclası keçirilib.

Beynəlxalq tədbiri giriş sözü ilə açan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev iclasda ümumi təhlükəsizlik əleyhinə yönələn təhdidlərin, o cümlədən terrorçuluğun, ekstremizmin və mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirib. Qeyd olunub ki, dünyada terrorçuluğun, dini radikal-ekstremist birləşmələrin transmilli cinayətkarlıqla bütövləşməsi təhdidlərinin artması bu təhlükələrə qarşı daha yeni və səmərəli mübarizə üsullarının işlənilməsi sahəsində əməkdaşlığın genişləndirilməsini vacib edir. Mədət Quliyev terrorizmin bütün növləri ilə mübarizədə səylərin birləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tədbirin açılışında çıxış edərək müzakirə olunan məsələlərin vacibliyini və təhlükəsizliyin təmin edilməsi sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi işində bu görüşün əhəmiyyətini qeyd edib.

Fuad Ələsgərov vurğulayıb ki, Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin minimuma endirilməsi məsələlərinə böyük diqqət yetirir. Çünki sabitlik şəraitinin yaradılması, milli maraqlara təhlükələrin vaxtında aşkar edilməsi və onların qarşısının alınması hər bir dövlətin mövcudluğunun, onun müstəqilliyinin və uğurlu inkişafının əsasıdır.

Qeyd edilib ki, Azərbaycanda terrorizmə, dini ekstremizmə və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı mübarizə sahəsində xeyli təcrübə toplanıb. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi prosesi daim davam edir, hüququn tətbiqi sahəsində ciddi nəticələr qazanılıb.

Həmçinin vurğulanıb ki, səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq münasibətləri xüsusi xidmətlərin qarşısında duran məsələlərin həllində yüksək nəticələr əldə edilməsi üçün mühüm vasitələrdir. Fuad Ələsgərov əmin olduğunu bildirib ki, MDB üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında qəbul edilmiş qərarlar MDB ölkələrinin təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə şərait yaradacaq.

MDB-nin İcraiyyə Komitəsi sədrinin – icraçı katibin müavini Konısbek Jusupbekov yaradılan şəraitə görə minnətdarlığını bildirib. MDB Dövlət Başçıları Şurasının Qırğızıstanda keçirilən iclasında da terrorizmlə mübarizənin əsas müzakirə mövzularından biri olduğunu qeyd edən Konısbek Jusupbekov vurğulayıb ki, həmin iclasın yekununda qəbul edilən 16 sənəddən 5-i məhz təhlükəsizlik məsələləri ilə bağlıdır.

SORB-un sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov iclasda terrorçuluq, radikalizm və hər cür ekstremist təzahürlərlə mübarizənin təkmilləşdirilməsi, qarşılıqlı məlumat mübadiləsi, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlərin təhqiqatı və müvafiq əməliyyat tədbirləri üzrə əməkdaşlığın perspektivlərinin müzakirə olunacağını bildirib. Aleksandr Bortnikov son illər terrorizmlə mübarizədə MDB ölkələrinin xüsusi xidmət orqanları arasında vahid yanaşma mexanizmlərinin hazırlandığını diqqətə çatdırıb.

Sonra Aleksandr Bortnikovun rəhbərliyi ilə işini davam etdirən iclasda transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və digər hüquqazidd əməllərə qarşı mübarizənin fəallaşdırılması yolları, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. SORB yanında Elmi-texniki əməkdaşlıq, İnformasiya təhlükəsizliyi, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz beynəlxalq dövriyyəsi ilə mübarizə üzrə komissiyaların ekspert iclasları olub.

Tədbir çərçivəsində DTX-nin rəisi, general-leytenant Mədət Quliyev Rusiya, Belarus, Tacikistan, Almaniya və digər nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

41-ci iclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar imzalanıb, SORB-un gələn il üçün Fəaliyyət Planı təsdiq edilib, MDB Antiterror Mərkəzinin 2017-ci ildə nəzərdə tutulan tədbirlərin siyahısı razılaşdırılıb.

MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının gələn il Qırğızıstanda keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.