MƏDƏNİYYƏT
Bakıda “Məqsədlərə doğru birlikdə!” adlı sosial tədbir-aksiya keçirilib
Bakı, 29 aprel, Aynur İsmayılova, AZƏRTAC
Aprelin 29-da Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə “Məqsədlərə doğru birlikdə!” adlı sosial tədbir-aksiya keçirilib.
Tədbir “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində Bakı şəhəri Nizami küçəsi 62C ünvanında təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclərə məlumat verməkdən ibarətdir.
Gün ərzində davam edən aksiyada DJ və müxtəlif tanınmış simaların iştirakı ilə BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclərə çağırışlar edilib, onları “Həmrəylik lövhəsinə” imza atmağa səsləyiblər. Tədbirdə mövzu ilə bağlı müxtəlif viktorinalar keçirilib, hədiyyələr verilib. Həmçinin gənclərə kampaniyanın məqsədlərini əks etdirən yaxa nişanı, kitabçalar, şarlar və digər müxtəlif təbliğat materialları paylanılıb.
Qeyd edək ki, artıq dünya liderləri tərəfindən BMT-nin Baş Qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-2030-cu illəri əhatə edən Qlobal Gündəlik qəbul olunub. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keçirilən proseslərdə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoymaq və rifahı təşviq etmək haqqında razılığa gəliblər. Bu məqsədlə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirmək, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.