İDMAN
Bakıda Milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilmişdir VİDEO
Bakı, 21 sentyabr (AZƏRTAC). Sentyabrın 21-də AFFA-nın Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirak etmişlər.
Çıxış edən R.Abdullayev ölkədə idmana göstərilən dövlət qayğısından danışmış və futbol sahəsində həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirmişdir ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir. UEFA-nın prezidenti M.Platininin tədbirdə iştirakını yüksək qiymətləndirən R.Abdullayev qonağa göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirmişdir.
M.Platini Azərbaycanda futbol sahəsində görülən işlərin əhəmiyyətindən danışmış və respublikamızın idman ölkəsinə çevrildiyini vurğulamışdır. Qeyd etmişdir ki, bu tədbirdə iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. UEFA həmişə quruma üzv olan assosiasiyalara dəstək olur. Buna uşaq futbolunun inkişafı və infrastrukturun təkmilləşdirilməsi daxildir. Bəzi assosiasiyaların maliyyə dəstəyinə daha çox ehtiyacı vardır. Azərbaycan isə güclü iqtisadiyyata malik bir ölkədir. Burada idman infrastrukturunun inkişaf etdirilməsi istiqamətində lazımi işlər görülür. Ancaq biz bütün 54 assosiasiyaya eyni cür yanaşırıq.
Səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdüyünü diqqətə çatdıran UEFA-nın prezidenti dövlət başçısı ilə futbolun inkişafı sahəsində fikir mübadiləsi aparıldığını qeyd etmişdir.
Sonra UEFA və AFFA-nın prezidentləri xüsusi hazırlanmış topu özülə daxil etmişlər.
Daha sonra yeniyetmə futbolçu qızların hazırlıq prosesini izləyən M.Platini tədbirdən xoş təəssüratla ayrılmışdır.