SİYASƏT


Bakıda Misirin milli bayramı qeyd edilib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC 

İyulun 28-də Misirin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İnqilab günü münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səslənib.

AZƏRTAC xəbər verir ki, Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Diplomat Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Qarşılıqlı səfərlərin və imzalanmış çoxsaylı sənədlərin əhəmiyyətini vurğulayan səfir əmin olduğunu bildirib ki, ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da əlaqələrin möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə xidmət edəcək. Suzan Cəmil Nuh Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək əlamətdar bayram münasibətilə Misir xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, ölkələrimiz arasında mədəni əlaqələr hələ qədim dövrlərdən mövcud olub. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu münasibətlər digər sahələr üzrə də inkişaf etməyə başlayıb. Nazir 1994-cü ildə ulu öndər Heydər Əliyevin Misirə səfəri ilə ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi yolunda böyük addımın atıldığını diqqətə çatdırıb. Şahin Mustafayev iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin son illərdə imzalanmış sənədlərdə öz əksini tapdığını qeyd edib. Nazir Misirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.

Qəbulda dövlət və hökumət rəsmiləri, səfirlər, ictimaiyyət nümayəndələri, deputatlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.