CƏMİYYƏT
Bakıda “Mitral qapaq təmiri kursu” adlı konfrans keçirilib
AZƏRTAC xəbər verir ki, konfransda dünyanın ən məşhur ürək cərrahlarından biri italiyalı Ottavio Alfieri də iştirak edib.
Tədbirin təşkilatçısı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, kardiocərrah Rəşad Mahmudov bildirdi ki, kurs Azərbaycanda son illərdə geniş inkişaf etmiş ürək-damar cərrahiyyəsinin spesifik bir sahəsi olan qapaq xəstəliklərinə həsr olunub.
Almaniya, İtaliya, Türkiyə və Azərbaycandan yüksək ixtisaslı mütəxəssislərin iştirak etdikləri konfransda qapaq xəstəliklərinə dair 2014-cü ildə dünyada qəbul olunmuş yeni tövsiyələr, cərrahi və intervension müdaxilələr müzakirə olunub. Tədbirdə Ottavio Alfieri ilə yanaşı, Azərbaycanın tanınmış cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev də çıxış edib. Qeyd edilib ki, degenerativ mitral qapaq əməliyyatların milli kadrlar tərəfindən aparılması Azərbaycan səhiyyəsinin yüksək səviyyəsini göstərir.
Sonda yerli mütəxəssislərə sertifikatlar təqdim olunub.