MƏDƏNİYYƏT


Bakıda “Momentaus” adlı fərdi rəsm sərgisi açılıb

Bakı, 3 fevral, Ceyhun Alışlı, AZƏRTAC

Fevralın 3-də “Gallery 1969” sərgi salonunda gənc impressionist rəssam Nərmin Sadıqovanın “Momentaus” adlı fərdi rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qalib Qasımov və başqaları çıxış edərək nümayiş olunan əsərlərin məna və məzmunun mükəmməlliyindən danışıblar.

Vurğulanıb ki, janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran rəsmlər rəssamın zəngin dünyagörüşünün və gərgin əməyinin bəhrəsidir. Sənət əsərlərində gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuların yer aldığına toxunan natiqlər gənc rəssama gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edilib ki, N.Sadıqova bir sıra xarici incəsənət festivallarında ölkəmizi təmsil edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Müxtəlif janrlı 50-dək sənət əsərinin yer aldığı sərgidə bir sıra mövzularla yanaşı, vətənpərvərlik mövzusunu əhatə edən portretlər nümayiş olunur. Rəssam sayca üçüncü sərgisi olan “Momentaus” vasitəsilə öz xəyal dünyasını bölüşür.

Sərgi iki gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.