İQTİSADİYYAT
Bakıda “Müdaxiləsiz monitorinq və diaqnostika” mövzusunda növbəti seminar keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (“Society of Petroleum Engineers - SPE International”) təşkilatçılığı ilə Bakıda “Müdaxiləsiz monitorinq və diaqnostika” mövzusunda növbəti seminar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir SOCAR-ın və regionda fəaliyyət göstərən BP, “Total”, “Statoil”, “Exxon Mobile”, “Schlumberger”, “Halliburton”, “Baker”, “Weatherford” və “Hydroserv” kimi iri neft şirkətlərinin dəstəyi ilə təşkil edilib.
Seminarda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Azərbaycanın dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini, neft hasilatı, emalı və nəqli sahəsində bir sıra yeniliklərin ilk dəfə məhz ölkəmizdə tətbiq olunduğunu deyib. Bildirib ki, bu mötəbər tədbir artıq ikinci dəfədir Bakıda keçirilir.
Qeyd olunub ki, seminarın keçirilməsində məqsəd layların, istismarda olan quyu və qurğuların iqtisadi cəhətdən daha səmərəli işlənilməsi üçün müasir texnologiyalara diqqətin yönləndirilməsidir.
“Weatherford”, “Schlumberger”, “Halliburton”, “Statoil”, “Exxon Mobile” və “Total” şirkətlərinin mütəxəssisləri seminarın təşkilat komitəsinin üzvləri olublar. “SOCAR Upstream” təşkilatının nümayəndəsi Oqtay Bağırov və BP şirkətinin təmsilçisi Əli Şeydayev proqram komitəsinə həmsədrlik ediblər.
Müxtəlif şirkətlərdən 8 seksiya olmaqla hər sessiya üzrə 3 təqdimatdan ibarət seminarda ən qabaqcıl texnologiyalar vasitəsilə müdaxiləsiz monitorinq və diaqnostikaya dair ümumilikdə 24 məruzə dinlənilib.
İki gün davam edən seminarda SOCAR-ın “Azneft” İstehsalat Birliyi, Kompleks Qazma İşləri Tresti, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Geologiya və Geofizika İdarəsi, “SOCAR-AQŞ”, “SOCAR-Ümid” və digər təşkilatlarından ümumilikdə 35 mütəxəssis iştirak edib.
Sonda SOCAR-ın fərqlənən mütəxəssisləri xüsusi sertifikatlara layiq görülüblər.