MƏDƏNİYYƏT
Bakıda “Muğamla Aralıq dənizi musiqisinin görüşü” baş tutub
Bakı, 1 dekabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İtaliya musiqisinin dialoqu təşkil olunub.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın “Muğam trio” qrupu və İtaliyanın “TA.MA. Trio” folklor musiqi qrupu “Muğamla Aralıq dənizi musiqisinin görüşü” adlı ənənəvi İtaliya və Azərbaycan musiqi proqramı ilə çıxış ediblər.
Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo çıxış edərək, ölkələrimiz arasındakı mədəni əlaqələrin hazırkı vəziyyətinə və bu istiqamətdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub. Diplomat bu tədbirin cari ilin son üç ayında sayca üçüncü olduğunu qeyd edib və incəsənət sahəsində bu cür dostluq və səmimi əməkdaşlığa görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, musiqili gecədə ümumilikdə 10-dan çox Azərbaycan və italyan milli folklor mahnıları səsləndirilib. “Muğam trio” qrupunda xanəndələr Kamilə Nəbiyeva, Ehtiram Hüseynov, tarzən Malik Mansurov və kamança ifaçısı Elşən Mansurov çıxış ediblər.
“TA.MA. Trio” folklor musiqi qrupunda isə vokalist və qaval ifaçıları Nando Citarella, Mauro Palmas, Gabriella Aiellonun çıxışları dinlənilib.
Konsertin musiqi konsepsiyası Azərbaycan-İtaliya Assosiasiyasının mədəniyyət üzrə əlaqələndiricisi, bəstəkar Stefani Muscaritolo və Kəmalə Əlizadəyə, bədii quruluşu isə Stefani Muscaritolo və Catia Castagnaya məxsusdur.
Konsert qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.