İQTİSADİYYAT


Bakıda “Mühasiblər Forumu-2016” keçirilib

A+ A

Bakı, 10 noyabr, Elvira Məmmədova, AZƏRTAC

Noyabrın 10-da Bakıda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə “Mühasiblər Forumu-2016” keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mühasiblik peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi” mövzusunda keçirilən forumda yerli və xarici auditor şirkətlərinin təmsilçiləri, eləcə də dövlət qurumları və maliyyə təşkilatlarının nümayəndələri iştirak edib.

Assosiasiyanın Müşahidə Şurasının sədri Rüfət Mahmud mühasiblər forumunun müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşü, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar mövzuların müzakirəsi üçün bir platforma olduğunu bildirib.

ARPA-nın fəaliyyəti haqqında məlumat verən R.Mahmud “Peşəkar Mühasib Sertifikasiyası” proqramı üzrə sertifikatlaşdırma ilə bağlı yeniliklərdən danışıb, bu sertifikatların mühasiblərin karyerasında rolunu qeyd edib. O, forum iştirakçılarını ARPA-da yaradılan işçi qruplarında və ekspert şuralarında fəal iştirak etməklə, ölkəmizdə bu sektorun inkişafına dəstək göstərməyə dəvət edib.

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov mühasiblərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərdən, hazırlanan metodiki vəsaitlərdən, eyni zamanda, CAPSAP layihəsinin Azərbaycanda mühasibat sisteminin inkişafında yaratdığı imkanlardan söz açıb.

Auditorlar Palatasının nümayəndəsi Nəcəf Talıbov Azərbaycanda mühasib peşəsinə münasibət və müəssisələrdə gənc, təcrübəsiz mühasiblərin işə qəbulu ilə bağlı kvotaların müəyyənləşdirilməsinin vacibliyini, mühasibat sahəsində normativ-hüquqi bazanın, metodiki vəsaitlərin və dərs vəsaitlərinin hazırlanmasında ARPA-nın mühüm rolunu vurğulayıb.

Dünya Bankının Maliyyə Hesabatlılığında İslahatlar Mərkəzinin (CFRR) baş maliyyə mütəxəssisi Con Hoc təqdimatını milli peşəkar mühasibat təşkilatlarına və onların beynəlxalq aləmdə mühasiblik peşəsinin inkişafında təsirinə həsr edib. O, Yeni Zelandiyanın və digər dövlətlərin bu istiqamətdə ən müsbət təcrübələrindən danışıb, bu sahədə ARPA-nın görəcəyi işləri xüsusi vurğulayıb.

“Deloitte Azerbaijan” şirkətinin audit üzrə direktoru Rauf Atakişiyev həyata keçirilən islahatların mühasiblik peşəsinə və institutlara təsirindən, Azərbaycanda və beynəlxalq aləmdə bu sahədə mövcud vəziyyətdən bəhs edib, rəqabətli iqtisadiyyatda şəffaf mühasibat və maliyyə hesabatlılığını təmin etmək üçün peşəkar mühasiblərə ehtiyac olduğunu deyib.

Sonra “Ölkədə institusional inkişafın təmin olunması istiqamətində boşluqlar”, “Mühasibat uçotu haqqında Qanun: Gerçək vəziyyət, inkişaf və gözləntilər”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MUBS) ilə milli standartlar arasında uyğunluq”, “Dövlət qurumlarında MUBS üzrə məcburi hesabatlılığın tətbiqinin səmərəliliyi və problemləri”, 
 “Mühasibatlıq peşəsində keyfiyyət standartlarının yenidən müəyyənləşdirilməsi”, “İqtisadiyyatın müasir durumu ilə əlaqədar maliyyə hesabatlılığı standartı”, “Mühasibat və təşkilati məsələlərin idarə edilməsi”, “Ölkədə mühasib peşəsinin inkişafında müxtəlif maraqlı tərəflərin rolu” və digər mövzularda yerli və xarici mütəxəssislərin çıxışları dinlənilib.

Tədbirdə müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə edilib, suallar cavablandırılıb.

Qeyd edək ki, 2009-cu ildə təsis edilmiş ARPA mindən çox fərdi, 20-dən çox korporativ üzvü özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.