MƏDƏNİYYƏT
Bakıda “Müstəqilliyimizin nəbzi” adlı sərgi açılıb
Bakı, 27 may, Flora Şükürova, AZƏRTAC
Mayın 27-də Azərbaycan İstiqlal Muzeyində Respublika Gününə həsr edilmiş “Müstəqilliyimizin nəbzi” adlı tədbir və sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir muzeyin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliklərinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay müddətində gördüyü böyük işlərdən söhbət açıblar. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi demokratik parlamentli respublika olduğu vurğulanıb, müstəqilliyini yenidən bərpa edən ölkəmizin son illərdə qazandığı uğurlar diqqətə çatdırılıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə türkiyəli rəssam İlhan İşbaşı və azərbaycanlı rəssamlar Səyyar Əliyev, Zaur Mirzəyev və Bayram Bayramovun əl işləri nümayiş olunur.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Sərgi mayın 29-dək davam edəcək.