SİYASƏT


Bakıda “Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları” mövzusunda konfrans keçirilib VİDEO

A+ A

Bakı, 15 oktyabr, Əsəd Məmmədov, AZƏRTAC 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə oktyabrın 15-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət nümayəndələri, Yeni Azərbaycan Partiyasının üzvləri, Milli Məclisin deputatları, gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Konfransda çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov müstəqil Azərbaycanın 25 il müddətində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, 25 illik müstəqillik tarixini xalqımızın tərəqqisi, inkişafı, yüksəlişi dövrü kimi xarakterizə edib.

Müstəqilliyin ilk illərində ölkəmizdə pərakəndəliyin, anarxiyanın, özbaşınalığın olduğunu deyən Əli Əhmədov bildirib ki, bütün bunlar müstəqilliyimizin davamlı olmasını kölgə altına alırdı.

Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə almışdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın bütün arzularının reallığa çevrilməsinə imkan yaratdı. Ölkəmizdə iqtisadi tənəzzülün qarşısı alındı, bu sahədə geniş islahatlar həyata keçirildi.

Əli Əhmədov deyib ki, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini layiqincə davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, dünyada nüfuzu artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə mühüm nailiyyətlər əldə edilib. Ölkəmizin iqtisadi, siyasi əsasları ciddi şəkildə möhkəmlənib. Bu gün böyük nüfuza malik olan Azərbaycan dünyada öz sözünü deyir. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi möhkəm təməllər üzərində qurulub.

Qeyd edilib ki, müstəqillik illərində Azərbaycanda yeni bir gənc nəsil formalaşıb. Bu nəsil müstəqil Azərbaycanın dəyərləri əsasında formalaşmış gənclərdən ibarətdir. Həmin gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açıb və müstəqil dövlətin vətəndaşları kimi formalaşıblar. Onlar məhz müstəqil dövlətin qanunları, prinsipləri ilə yaşayır və yüksək vətənpərvərlik ruhunda böyüyürlər.

Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflərin də durduğunu deyən Əli Əhmədov Azərbaycan iqtisadiyyatının daha da güclənməsinin, əhalinin rifahının daha da yaxşılaşmasının, beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmlənməsinin əsas vəzifələr olduğunu vurğulayıb. O, gələcəkdə xalqımızın daha möhtəşəm nailiyyətlər qazanacağını, qarşıdakı illərdə Azərbaycanın öz dövlət müstəqilliyini yeni-yeni nailiyyətlərlə qeyd edəcəyini diqqətə çatdırıb.

Sonra konfransda Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin çıxışları dinlənilib. YAP Gənclər Birliyi ofisinin əlaqələndiricisi Əli Qənbərli, partiyanın Nərimanov rayon təşkılatı Gənclər Birliyinin üzvü Günay İmanova, Nizami rayon təşkılatı Gənclər Birliyinin üzvü Elvin İsayev, Binəqədi rayon təşkılatı Gənclər Birliyinin üzvü Leyla Quliyeva, Suraxanı rayon təşkılatı Gənclər Birliyinin üzvü Kənan Kərimov, Nəsimi rayon təşkılatı Gənclər Birliyinin üzvü Gülnar Xəlilova müstəqil dövlətimizin qazandığı uğurlardan, ölkə rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.