MƏDƏNİYYƏT
Bakıda “NUR Art House” qalereyası və “Gənclik nəfəsi” sərgisi açılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Bakıda “NUR Art House” adlı yeni qalereya, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tələbələrinin əsərlərinin təqdim edildiyi “Gənclik nəfəsi” adlı ilk sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında ADMİU-nun rektoru Fərəh Əliyeva, sənətşünaslıq doktoru, qalereyanın təsisçisi, professor Röya Tağıyeva və Xalq Rəssamı Arif Əzizov çıxış ediblər.
Bildirilib ki, sərgiyə “Gənclik nəfəsi” adının verilməsi təsadüfi deyil. Onun ekspozisiyası ADMİU-nun təsviri incəsənət fakültəsi tələbələrinin əsərlərindən – ənənəvi xalça, batik və qobelenlərdən ibarətdir.
Azərbaycan xalçaçılıq sənətinin yeni növlərindən biri olan qobelen hazırlanma texnologiyasına, kompozisiyasına və milli estetikanın ümumi prinsiplərinə görə xovsuz xalçalara çox yaxındır. Qısa müddətdə qobelen milli mədəniyyətimizin və estetikamızın bir hissəsinə çevrilib. Gənclərin hazırladığı qobelenlər daha rəngarəng və ifadəlidir.
Ekspozisiyada gənc rəssamlardan Aynur Mahmudlu, Jalə Rəfili, Səbinə İsgəndərli, Nərgiz Abbasova, Aysel Süleymanova, Bürhan Qəhrəmanlı, Məryəm Hümbətova, Şəhla Abbasova və başqalarının əl işləri olan 17 qobelen, 4 batik nümunəsi və 25 xalça sərgilənir.