MƏDƏNİYYƏT
Bakıda “Nikolya Şokolad Muzeyi” müəllif sərgisi açılıb VİDEO
Bakı, 15 may, AZƏRTAC
Məşhur “Nikolya Şokolad Muzeyi” müəllif sərgisi dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirildikdən sonra indi Bakıda açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışı mayın 15-də Muzey Mərkəzində olub.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev qeyd edib ki, sərgidə ümumi çəkisi 700 kiloqramdan çox olan 250-dən artıq yüksək keyfiyyətli şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar nümayiş etdirilir. Burada, həmçinin şokoladın tarixi ilə tanış olmaq mümkündür.
Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib ki, məşhur şokolad ustası Nikolay Popov məxsusi Bakı sərgisi üçün Azərbaycana həsr olunmuş silsilə şokolad incəsənət əsərləri hazırlayıb. Çəkisi 70 kiloqramdan çox olan “Qız qalası” şokolad miniatürü sənətkarın ən ağır heykəlidir. Qeyri-adi ekspozisiyaya şəhərin məşhur binalarının – Hökumət Evinin, Muzey Mərkəzinin, Azərbaycan Dövlət Opera və Balet Teatrının, “Flame Towers” alov qüllələrinin şokolad təsvirləri, habelə marsipan meyvələr, güllər, şokolad manqal və bir çox başqa məmulatlar daxildir.
N.Popov dünyada çəkisi 200 kiloqramdan çox olan ən böyük şokolad rəsminin – “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş əsərinin təqdimatını keçirib. Məşhur şokolad ustası xüsusi texnologiya ilə hazırlanmış şokolad suvenir məmulatlarını da təqdim edib. Bu məmulatlar sərginin keçiriləcəyi müddətdə satılacaq.
Müəllif sərgidə nümayiş etdirilən işlərindən danışaraq bildirib ki, öz əlləri ilə şokolad-möcüzələr yaratmağı öyrənmək istəyənlər üçün ustad dərsləri keçirəcək.
“Nikolya Şokolad Muzeyi” sərgisi çox sayda müxtəlif yaşlı və statuslu tamaşaçılar cəlb edir. Beş il ərzində sərgiyə tamaşa edənlərin ümumi sayı 500 min nəfəri keçib.
Biletin qiyməti böyüklər (18 yaşından yuxarı) üçün 7 manat, məktəb yaşlı uşaqlar (6 yaşından 18 yaşınadək) üçün 3 manatdır. Altı yaşınadək uşaqlar üçün giriş pulsuzdur. Çoxuşaqlı ailələrə və 15 nəfərlik qruplara güzəştlər nəzərdə tutulub.
Sərginin hər bir tamaşaçısı üçün bir neçə növ şokoladın pulsuz dequstasiyası təşkil ediləcək.
Sərgi iyunun 28-dək davam edəcək.