SİYASƏT
Bakıda OANA-nın birinci plenar sessiyası keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə noyabrın 18-də Bakıda, “Absheron Marriott Baku” otelində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birinci plenar sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyaya moderatorluq edən OANA-nın baş katibi, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN təşkilatın ali orqanının toplantısında 40 agentliyin 80-dən çox rəhbərinin və təmsilçisinin iştirak etdiyini bildirdi.
Sonra OANA-nın XVI Baş Assambleyasının gündəliyi səsə qoyularaq təsdiq edildi.
OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey MİXAYLOV çıxış edərək bildirdi ki, son illər informasiya texnologiyalarının inkişafı nəticəsində sosial şəbəkələrin sürətli tərəqqisi media məkanında yeni dövrün yaranmasına səbəb olub. Məhz bu yeni dövrdə, xüsusən də jurnalistlərin bəzi ölkələrdə zorakılıqlara məruz qalmaları halları nəzərə alınaraq, OANA-nın tərkibində etika komitəsi yaradılıb.
OANA-nın bir sıra regional və beynəlxalq qurumlarla fəal əməkdaşlıq etdiyini deyən S.Mixaylov jurnalistikanın inkişafında xidmətləri olan şəxslər üçün xüsusi mükafatın təsis edildiyini diqqətə çatdırdı.
Sonra üzv agentliklər arasında keçirilən “OANA Mükəmməllik Mükafatı” müsabiqəsinin qalibləri təltif edildi.
Qeyd edək ki, Assambleyada 2016-2019-cu illərdə təşkilata sədrlik Rusiyanın TASS agentliyindən AZƏRTAC-a keçəcək, baş direktor Aslan Aslanov OANA-nın prezidenti vəzifəsinin icrasına başlayacaq. Toplantıda İcraiyyə Komitəsinin yeni üzvləri seçiləcək, texniki və etik komitələrin hesabatları dinləniləcək. Növbəti üç ildə bu təşkilatın veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq. Üzv agentliklər XVII Baş Assambleyanın yerini və vaxtını müəyyənləşdirəcəklər.