İDMAN


Bakıda “Olimpiya dəyərləri gənclərin təqdimatında” mövzusunda konfrans keçirilib VİDEO

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC 

Noyabrın 28-də Bakıda “Olimpiya dəyərləri gənclərin təqdimatında” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Olimpiya Oyunlarının tarixi və idmançılarımızın olimpiadalarda iştirakına həsr edilmiş sərgi ilə tanış olublar.

Sonra Azərbaycanda gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən idman tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub.

Gənclərin idmanla məşğul olmasının onların fiziki fəallığına müsbət təsir göstərdiyini bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayev Olimpiya dəyərlərinin dərin fəlsəfəyə malik olduğunu diqqətə çatdıraraq deyib: “Olimpizm sülh, dostluq, komanda ilə işləmək bacarığı və sağlam rəqabət dəyərlərini özündə birləşdirir. Azərbaycan Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdman siyasəti bəzən dünyada baş verən ictimai-siyasi proseslərə də təsir gücünə malikdir. Ölkəmizdə idman siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”.

Nazir müavini diqqətə çatdırıb ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq qurumlar mötəbər yarışların təşkilini tərəddüd etmədən ölkəmizə həvalə edirlər.

Olimpiya dəyərlərinin min illərdir insan həyatına təsir etdiyini bildirən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya Oyunlarının tarixi barədə məlumat verib. Qeyd edib ki, Olimpiya Oyunları həmişə sülhün carçısı olub. Qədim zamanlarda həmin vaxt müharibələr dayandırılırdı. Ancaq XX əsrdə bunun əksi baş verdi. İkinci Dünya müharibəsinə görə Olimpiya Oyunlarında fasilə yarandı. Olimpiya dəyərlərinin əsasında vətənpərvərlik dayanır. Dördilliyin zirvə yarışında idmançılar özlərini deyil, ölkələrini təmsil edirlər. Açılış mərasimində təşkil olunan paradda da ölkələrinin bayrağı altında iştirak edirlər. Ən əsası o bayrağı sevmək və onun uğrunda mübarizə aparmaq lazımdır.

Olimpiya dəyərləri arasında mübarizliliyin və ədalətli oyunlar prinsipinin vacibliyini vurğulayan Çingiz Hüseynzadə deyib: “Olimpiadada idmançılar bir-biri ilə qələbə uğrunda mübarizə aparsa da, rəqibə hörmətlə yanaşırlar. Görüş bitdikdən sonra bir-birini təbrik edirlər. Bu, Olimpiya dəyərlərinin ən vacib göstəricilərindən biridir. Sevindirici haldır ki, Azərbaycan olimpiyaçıları da öz davranışları və Olimpiya dəyərlərinə sadiqlikləri ilə fərqlənirlər”.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev respublikamızda olimpizmin inkişaf istiqamətləri haqqında konfrans iştirakçılarına məlumat verərək deyib: “Ölkəmizdə idman siyasəti, quruculuğu və maddi-texniki bazanın möhkəmləndirilməsi Olimpiya hərəkatının inkişafına xidmət edir. Ölkəmiz mötəbər yarışlara müvəffəqiyyətlə sev sahibliyi edir. Ötən il Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunları dünyanın idman ictimaiyyətinin diqqətini ölkəmizə yönəltmişdi. İdmançılar və qonaqlar üçün yaradılan şərait və atletlərimizin “Bakı-2015”də parlaq çıxışları ölkəmizdə reallaşdırılan uğurlu idman siyasətinin təcəssümüdür. Bundan əlavə, ölkəmizdə Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası, güləş, boks, bədii gimnastika üzrə Avropa və dünya çempionatları uğurla təşkil olunub. Gələn il yenidən dünya idmanının nəbzi paytaxtımızda döyünəcək. Dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycan dünyanın müxtəlif ölkələrindən olan idmançıların görüş məkanına çevriləcək”.

Bakıda və regionlarda 40-dan çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Fuad Hacıyev hazırda on belə idman qurğusunun inşa olunduğunu bildirib. O, Olimpiya dəyərləri arasında gender bərabərliyinin mühüm rol oynadığını vurğulayıb, ölkəmizdə könüllülük hərəkatının inkişaf meyillərindən danışıb.

Milli Məclisin gənclər və idman komitəsinin üzvü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov ölkəmizdə Olimpiya hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Konfransda çıxış edən digərlər ölkəmizdə Olimpiya hərəkatının inkişafından, bu sahədə əldə olunan nailiyyətlərdən, Olimpiya yığmamızın uğurlarından və Paralimpiya dəyərlərindən danışıblar.

Sonra mövzu ətrafında çıxışlar olub, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.