MƏDƏNİYYƏT
Bakıda “Ölkələrin paradı” festivalını Rusiya Federasiyası açacaq
Noyabrın 1-də “Park Bulvar” ticarət-əyləncə kompleksində (Bakıdakı Dənizkənarı bulvarın ərazisində) “Ölkələrin paradı” festivalı başlanır. Bir il ərzində keçiriləcək festivalda dünyanın 20-dən çox ölkəsinin nümayəndələri iştirak edəcəklər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ölkələr arasında birinci Rusiya Federasiyası start götürəcək.
Həmin gün saat 17.00-da “Rusiyaya pəncərə” adlı geniş mədəni tədbir başlanacaq və noyabrın 7-dək davam edəcək.
Tədbirin proqramında gənc və yeniyetmə rəssamların “Mixail Lermontovun və Mirzə Fətəli Axundzadənin yaradıcılığında Vətən mövzusu” və “Nar ağacı” sərgilərinin təşkil olunması nəzərdə tutulub. Sərgilərə təqdim olunmuş işlərin çoxu Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yanında Uşaq Yaradıcılığı Mərkəzinin yetirmələrinə məxsusdur. Bundan başqa, Rusiyanın xalq sənəti əsərləri və suvenir sərgisi təşkil olunacaqdır.
Noyabrın 1-də saat 17.00-da “Park Bulvar” ticarət-əyləncə kompleksinin (TƏK) birinci mərtəbəsində bütün arzu edənlər üçün beş dəqiqəlik kütləvi gimnastika dərsi keçiriləcək. Bu kütləvi tədbir 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarına həsr olunur.
Dərsi bədii gimnastika üzrə Azərbaycanın üçqat çempionu, Azərbaycanın Əməkdar Məşqçisi Nurcahan Əsgərova və onun yetirmələri aparacaqlar.
Gimnastika dərsindən sonra burada gənc estrada mahnıları və müasir rəqs ifaçılarının böyük konserti başlanacaqdır. Proqrama populyar rus və Azərbaycan mahnı və rəqsləri daxil edilib.
Həmin vaxt dəblə geyinmiş oğlan və qızlar gənc modelyerlərin yaratdıqları, Rusiya və Azərbaycan moda məktəbinin ən yaxşı ənənələrini özündə əks etdirən geyim kolleksiyası ilə tamaşaçıların qarşısına çıxacaqlar.
“Park Bulvar” kompleksinin birinci mərtəbəsində məlumat xidməti işləyəcək və bu xidmət bütün arzu edənlərin “Rusiyanın ali məktəblərinə necə daxil olmaq mümkündür?” sualına cavab verəcəkdir.
Həmin günlərdə “Kalinka” kafesində (“Park Bulvar” TƏK-in üçüncü mərtəbəsi) gələnlərə rus mətbəxinin yeməkləri təklif olunacaqdır.
Bu böyük mədəni tədbir “Park Bulvar” ticarət-əyləncə kompleksinin köməyilə Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, onun incəsənət və rəqs studiyaları, gənclərin “Sozvezdiye” yaradıcılıq klubu tərəfindən hazırlanıb.
Məlumat üçün müraciət edin: telefon: 598-80-80, 598-80-00, elektron poçt: [email protected]