İQTİSADİYYAT
Bakıda “Orta Asiyada milli fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi” mövzusunda seminar işə başlayıb
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Bakıda “Orta Asiyada milli fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi” mövzusunda TCP /SEC/3403 layihəsi çərçivəsində iki günlük seminar işə başlayıb. Seminar Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidmətinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə subregional ofisinin dəstəyi ilə keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminar fitosanitariyanın əsas sahələrindən biri olan idxal və ixrac əməliyyatları zamanı fitosanitar prosedurların həyata keçirilməsini əhatə edir.
Seminar çərçivəsində müfəttişlər üçün sərhəd-keçid məntəqələrində yoxlama prosedurları və müasir fitosanitar praktika üzrə təlimlər keçiriləcək.
Tədbirdə FAO-nun fitosanitar treninqlər üzrə beynəlxalq məsləhətçisi Olqa Lavrentyeva, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edirlər.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev tədbiri açaraq, “Kənd təsərrüfatı ili” çərçivəsində ölkəmizdə bu sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni strategiyanın işlənib hazırlandığını və uğurla həyata keçirildiyini bildirib. Qeyd olunub ki, kənd təsərrüfatında, xüsusən bitkiçilikdə elmi-texniki tərəqqi əsasında məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, ətraf mühitin, bioloji tarazlığın qorunub saxlanması da diqqət mərkəzindədir.
Seminar çərçivəsində fitosanitar baxış prosedurlarının praktiki tətbiqi və milli prosedurların müqayisəli təhlili məqsədi ilə idxal edilən karantin nəzarətində olan materialların təyinat məntəqələrində praktiki məşğələlər aparılacaq.