MƏDƏNİYYƏT


Bakıda Özbəkistanın Xalq Şairi Camal Kamalın yubileyi qeyd ediləcək

Daşkənd, 27 may, АZƏRTAC 

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Bakıdakı Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə mayın 31-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda xalqımızın dostu, Özbəkistanın Xalq Şairi Camal Kamalın 80 illik yubileyi qeyd ediləcək.

Camal Kamal mayın 29-da Bakıya gələcək və paytaxtımızda yubilyarla müxtəlif görüşlər keçiriləcək. Azərbaycana səfərin məqsədi ölkələrimiz arasında mövcud olan ədəbi əlaqələrin dərinləşdirilməsi və Azərbaycanda özbək ədəbiyyatının tanınan nümayəndələrinin yaradıcılığının təbliğidir.

Xatırladırıq ki, iki il əvvəl AMM-nin direktoru Samir Abbasov və Camal Kamal arasında bağlanan müqavilədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poemasının özbək dilinə tərcüməsi nəzərdə tutulurdu. Onu da deyək ki, “Xəmsə”yə daxil olan əsərlər hələ Özbəkistanda tam olaraq çap olunmayıb.

Artıq “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” poemaları özbək dilində çap edilib və böyük maraq doğurub. Şairin “İskəndərnamə” əsəri üzərində iş gedir.

Onu da deyək ki, Camal Kamal böyük Azərbaycan şairi Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib.

Yubiley mərasimi çərçivəsində çap olunan kitabların təqdimatı da nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.