İQTİSADİYYAT
Bakıda PADOS layihəsi üzrə seminarlar təşkil olunacaq
Bakı, 8 iyul, Xatirə Cəfərova, AZƏRTAC
“Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən PADOS layihəsinin faktaraşdırıcı missiyası vasitəsilə dövlət idarəçiliyi sahəsində mövcud ehtiyacların müəyyənləşdirilməsi, bu istiqamətdə seminar və təlimlərin təşkil olunması nəzərdə tutulur. Bu məqsədlə missiya tərəfindən Bakıda il ərzində e-hökumət, e-xidmətlər, kiber təhlükəsizlik, yaxşı idarəçilik (good governance) və s. mövzular üzrə seminarların keçirilməsi təklif olunub. Seminarın hər il keçirilən ənənəvi “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı çərçivəsində təşkil olunması planlaşdırılır.
Bu barədə AZƏRTAC-a Məlumat Hesablama Mərkəzindən bildirilib.
İştirakçı demokratiya, açıq idarəetmə və səmərəli e-hökumət xidmətləri üzrə “Şərq Tərəfdaşlığı” ölkələri üçün kadr potensialına dəstək layihəsi olan PADOS Finlandiyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilib. Layihənin məqsədi “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrdə (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) qeyd edilən xidmətlər üzrə görülən işlərlə tanış olaraq onlara dəstək göstərməkdir.
Finlandiya “Şərq Tərəfdaşlığı”nı təkcə siyasi səviyyədə deyil, həmçinin kadr potensialının hazırlanmasında, qarşılıqlı təlim platformalarında və maarifləndirici tədbirlərdə də fəal şəkildə dəstəkləyir.