CƏMİYYƏT
Bakıda “Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan gəncliyi” mövzusunda yekun konfrans keçirilib
Bakı, 6 mart, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu, UNICEF, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə “Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan gəncliyi” mövzusunda yekun konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ARGTMŞ-ın sədri Şahin Seyidzadə, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Bruk və müavini Nato Alhazişvili, “Bizim Gənclik” İctimai Birliyinin sədri Sona Əlizadə, UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze çıxış ediblər.
Bildiriblər ki, tədbirin məqsədi BMT-nin Post -2015 İnkişaf Gündəliyinin, dayanıqlı inkişaf məqsədlərinin təqdim olunması, Azərbaycanın yeni inkişaf gündəliyindəki prioritetlərin müzakirə edilməsidir.
Diqqətə çatdırılıb ki, həyata keçirilən “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş cəmiyyəti ilə dialoq: Gənclər” adlı milli məsləhətləşmələr 2014-cü ilin iyul-avqust aylarını əhatə edir. Milli məsləhətləşmələr çərçivəsində Bakı, Gəncə və Qubada QHT-lər, hökumət qurumları, mətbuat orqanlarının nümayəndələri və fəal gənclərdən ibarət 100-ə yaxın gəncin iştirakı ilə məsləhətləşmələr keçirilib. Həmin tədbirlərdə iştirakçılar tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa məsələlər müzakirə olunub və ortaya çıxan problemlərin həllinə dair təkliflər verilib. Milli Məsləhətləşmələr çərçivəsində toplanan fikirlər və layihənin video və təsviri hesabatı BMT-nin baş ofisinə təqdim olunub. Bunun nəticəsində həyata keçirilən fəaliyyət və nəticələr BMT-nin İnkişaf Proqramının yekun hesabatında öz əksini tapıb.
Konfransda Azərbaycanda iki il ərzində həyata keçirilən milli məsləhətləşmələrin nəticələri nəzərdən keçirilib, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərlə fikir mübadiləsi aparılıb.