SİYASƏT


Bakıda Qazaxıstanın diplomatiya xidmətinin 25 illiyi qeyd edilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasında bu ölkənin diplomatiya xidmətinin 25 illiyinə həsr edilmiş təntənəli qəbul olub.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib ki, Qazaxıstan diplomatiyasının kökləri 5 əsrdən çox əvvələ - Qazax xanlığının mövcud olduğu dövrə gedib çıxır. Ancaq müstəqil olduğu son 25 ildə Qazaxıstan tamamilə yeni tarixi şəraitdə beynəlxalq arenada qlobal və regional təhlükəsizliyin möhkəmlənməsi, demək olar, bütün ölkələrlə dostluğun və qarşılıqlı faydalı münasibətlərin inkişafı uğrunda çıxış edən etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınmağa nail olub.

B.İsabayev vurğulayıb ki, Qazaxıstan Respublikasının Prezidenti - millətin lideri Nursultan Nazarbayevin uzaqgörən siyasəti və ölçülüb-biçilmiş strateji kursu sayəsində bu gün Qazaxıstan dünya birliyinin tanınan hörmətli üzvüdür. Diplomat deyib: “Ölkəmiz çox qısa bir dövrdə dünyanın 180 ölkəsi ilə diplomatik münasibətlər qurub”.

Qazaxıstan səfiri onu da bildirib ki, müasir və qlobal geosiyasi və geoiqtisadi reallıqlar şəraitində Qazaxıstan diplomatiyasının əsas vəzifələrindən biri “Нұрлы жол”, Qazaxıstanın üçüncü modernləşdirilməsi, Millətin “100 addım” planı, “İctimai şüurun modernləşdirilməsi” və s. kimi milli proqramları gerçəkləşdirmək üçün əlverişli şərait yaratmaqdır. Qazaxıstan diplomatları bu vəzifənin həyata keçirilməsinə öz töhfələrini verirlər.

Qəbulda xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların respublikamızdakı nümayəndəliklərinin rəhbərləri, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycan hökumətinin üzvləri, görkəmli dövlət xadimləri, ekspertlər və jurnalistlər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.