CƏMİYYƏT
Bakıda “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium işə başlayıb
Bakı, 16 mart, Elvira Məmmədova, AZƏRTAC
Martın 16-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında bu ali təhsil müəssisəsinin psixiatriya kafedrası ABŞ-ın Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının İnkişaf Xəstəlikləri Departamenti ilə birgə təşkil etdiyi “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə yanaşı, ABŞ, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan alim və mütəxəssislərin iştirak etdikləri simpoziumun açılışında ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, müasir dünyada psixi sağlamlıq və onun qorunması ciddi əhəmiyyət kəsb edir. ATU bu sahədə bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq edir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq bu gün Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının İnkişaf Xəstəlikləri Departamenti ilə birgə elmi simpoziuma toplaşmışıq. İki gün davam edəcək simpoziumda inkişaf xəstəlikləri ilə yanaşı, digər psixi və nevroloji pozuntular, inkişaf xəstəliklərinin genetik aspektləri, müdaxilə və müalicə metodları ilə əlaqədar təqdimatlar olacaq, fikir mübadiləsi aparılacaq.
Rektor diqqətə çatdırıb ki, tədbirin məqsədi Azərbaycanla qarşılıqlı təcrübənin paylaşılması ilə yanaşı, ölkədə gənc tədqiqatçı və alimlərin yetişdirilməsinə kömək etməkdir. Bu məsələdə Harvard Universiteti Boston Uşaq Xəstəxanasının İnkişaf Xəstəlikləri Departamentinin aparıcı mütəxəssisi Kərim Munirin böyük köməyi olduğu vurğulanıb. Akademik qeyd edib ki, əməkdaşlığa iki il əvvəl başlanılıb. Kerim Munir Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxıstan və Qırğızıstanda gənc alimlərin yetişdirilməsi istiqamətində səylə çalışmaqdadır. Tibb Universiteti ilə Boston Uşaq Xəstəxanası arasında əməkdaşlıq çərçivəsində artıq ATU-nun iki həkimi orada təcrübə keçib və bu simpozium qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
ATU-nun psixiatriya kafedrasının müdiri, Azərbaycanın baş psixiatrı, professor Gəray Gəraybəyli, Azərbaycan Psixiatrlar Assosiasiyasının rəhbəri, professor Nadir İsmayılov və qeyri-yoluxucu xəstəliklər üzrə Qlobal Əqli Sağlamlıq Proqramının direktoru Kərim Munir mövzunun aktuallığından danışıblar.
Sonra mütəxəssislərin “Azərbaycanda psixiatriya: müasir yanaşma”, “Diaqnostik və statistik təlimat üzrə baxışın keçirilməsi”, “5 psixi pozğunluq və qeyri-yoluxucu xəstəliklər”, “Həyat boyu müşahidə olunan diqqət çatışmazlığı və hiperaktivlik sindromu”, “Həyat boyu müşahidə olunan psixiotik pozğunluqlar” və digər mövzularında məruzələr dinlənilib.
Simpozium martın 17-də başa çatacaq.