İQTİSADİYYAT
Bakıda Quşçuların Beynəlxalq forumu keçirilib
Bakı, 5 avqust, Elvin Camalov, AZƏRTAC
Avqustun 5-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Quşçuların Avrasiya Assosiasiyasının təşəbbüsü ilə “Quşçuların Beynəlxalq Forumu” keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev forumun xüsusi əhəmiyyət daşıdığını deyib, burada təməli qoyulan əlaqələrin gələcəkdə öz bəhrəsini verəcəyinə əmin olduğunu bildirib.
Beynəlxalq Quşçuluq Forumunun sədri Sergey Şabayev isə forumu quş istehsalı ilə məşğul olan iş adamları üçün mühüm hadisə adlandırıb.
Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkədə ilk dəfədir kənd təsərrüfatı sahələri arasında quşçuluq daxili tələbatı ödəməklə yanaşı, xaricə ixrac imkanı da yaradılıb. Q.Əbdüləliyev bu sahənin əsas problemlərindən birinin yem təchizatı olduğunu deyib.
Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Beynəlxalq Quşçuluq Forumu (BQF) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən gələcəkdə iki təşkilat arasında təcrübə mübadiləsi aparılmaqla yanaşı, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq həyata keçiriləcək.
Forum öz işini ayrı-ayrı sessiyalarla davam etdirib. Sessiyalarda quşçuluqda yemlənmə, baytarlıq, zootexnika və müasir avadanlıqlarla təchizat məsələləri müzakirə olunub.