MƏDƏNİYYƏT


Bakıda “Rahat keyləşmə” adlı sərgi açılıb

A+ A

Bakı, 23 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC

Sentyabrın 23-də YARAT Müasir İncəsənət Məkanının ARTIM layihə məkanında gənc heykəltəraşlar Novruz Məmmədov, Nadir Eminov və Elvin Nəbizadənin əsərlərindən ibarət “Rahat keyləşmə” adlı qrup sərgisi açılıb. Sərgidə metal, daş və taxtadan hazırlanmış sənət əsərləri nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Novruz Məmmədovun paslanmaz metaldan olan “Pozğun şüurun fantaziyaları” adlı trilogiyasında rəssam fetişizm, vuayerizm və eksaudirizm meyilli insanları əhatə edərək, tamaşaçıya onların hiss etdiklərini yaşamağı təklif edir.

Heykəltəraş Nadir Eminovun ağlay daşından yonduğu “Yara” instalyasiyasında Bakıda aparılan rekonstruksiya və yenidənqurma işlərinə münasibət bildirilir. Rəssamın fikrincə, binaları yerli və yersiz üzlük daşı ilə örtmək tendensiyası kitç mədəniyyətindən başqa bir şey deyil.

Elvin Nəbizadənin “Qara saz” layihəsi isə taxtadan yonularaq deformasiya edilmiş sazları təqdim edir. Rəssamın fikrincə saz, qədim türk mədəniyyətindən bizə gələn bünövrə element kimi bu gün də aktuallığını saxlayır.

Qeyd edək ki, sərginin təşkil olunmasında məqsəd istedadlı gəncləri incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə onlara öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.

“Rahat keyləşmə” adlı sərgi oktyabrın 16-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.